Almaniya kansleri Trampa səsləndi: Eskalasiyanın qarşısını alın, əks halda…

Almaniya kansleri Fridrix Mertz ABŞ prezidenti Donald Trampla yeni gömrük rüsumları ilə bağlı təhdidlər fonunda görüşməyi planlaşdırır. Görüşün yanvarın 21-də Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində baş tutacağı gözlənilir. Sözügedən rüsumlar Almaniya da daxil olmaqla bir sıra ölkələrə şamil edilə bilər.

Globalinfo.az-ın xəbərinə görə, Mertz jurnalistlərə açıqlamasında bildirib ki, rüsumlarla bağlı təhdidlər ortaya çıxandan sonra Avropa İttifaqı daxilində, eləcə də Aİ-yə üzv olmayan, lakin təsirə məruz qalan Böyük Britaniya və Norveç kimi ölkələrlə çox sıx dialoq aparılıb.

Onun sözlərinə görə, əsas məqsəd bu mübahisənin mümkün qədər eskalasiyasının qarşısını almaqdır.

"Bu həftə Davosda keçiriləcək müxtəlif görüşlər çərçivəsində məsələni müzakirə etmək imkanımız olacaq. Çərşənbə günü yenidən prezident Trampla görüşməyə çalışacam", - deyə kansler bildirib.

Mertz həmçinin yanvarın 15-də Donald Trampla telefon danışığı apardığını deyib.

"Biz bu problemi birlikdə həll etməyə çalışmaq istəyirik. ABŞ hökuməti də bilir ki, bizim cavab tədbirləri görmək imkanımız var. Mən bunu istəmirəm. Lakin zərurət yaranarsa, Avropanın, o cümlədən Almaniyanın milli maraqlarını müdafiə edəcəyik", - Mertz vurğulayıb.

Kanslerin fikrincə, gömrük rüsumları heç kimə fayda vermir və demək olar ki, hamıya zərər vurur.
Eyni zamanda kansler Qrenlandiyanın uzunmüddətli hərbi təhlükəsizliyi ilə bağlı narahatlıqlara da ciddi yanaşdığını diqqətə çatdırıb. O xatırladıb ki, vaxtilə Qrenlandiyada 30 mindən çox ABŞ hərbçisi yerləşirdi, hazırda isə onların sayı 200-dən azdır.

Kanslerin sözlərinə görə, bu fakt onu göstərir ki, hətta ABŞ-ın özünün apardığı təhlükə təhlilləri belə vəziyyətin hazırda təqdim edildiyi qədər dramatik olmadığını göstərir. Bununla belə, o əlavə edib ki, gələcəkdə hərbçilərin sayının yenidən arta biləcəyi istisna deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31