Ermənistanın Davosdan qaçışı: Bakının fəallığı və Paşinyanın yoxluğunun arxasındakı siyasi hesablar

Davos Dünya İqtisadi Forumunun beynəlxalq siyasi gündəmdə xüsusi rola malik olduğu bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın tədbirdə iştirak etməməsi diqqətdən kənarda qalmır. Analitiklər hesab edirlər ki, bu, təkcə protokol məsələsi deyil, həm də Ermənistanın daxili və xarici siyasətindəki ziddiyyətlərin, seçim dilemmasının və regional proseslərə münasibətinin göstəricisi kimi dəyərləndirilə bilər. Xüsusilə, Azərbaycan Prezidentinin Davos Forumunda iştirakı fonunda Paşinyanın görünməməsi suallar doğurur: bu addım daxili siyasi risklərdən yayınmaq cəhdidir, yoxsa Rusiya-Avropa İttifaqı arasında balans tapa bilməyən İrəvanın şüurlu siyasi mövqeyidir? Eyni zamanda, belə bir davranış Ermənistanın regional sülh prosesi və beynəlxalq platformalarda dialoqa hazırlığı barədə hansı mesajı verir?

Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, Paşinyanın Davos İqtisadi Forumunda iştirak etməməsi heç də təsadüfü bir məsələ deyil. Musavat.com-a şərhində deputat bildirib ki, Davos İqtisadi Forumu həm də siyasi mesajlar verilən bir platformadır: "Paşinyan isə iyul ayında parlament seçkilərinə hazırlaşdığından beynəlxalq güclərin verdiyi mesajlara qoşulmaq riskindən uzaq durmağa çalışır. Çünki Davosda Rusiyanın Ukraynaya qarşı apardığı sonu görünməyən müharibənin dayandırılması ilə bağlı da çağırışlar ola bilər. Paşinyan orda iştirak edərsə, özündən asıllı olmayaraq qərbin çağırışlarına qoşulmalı olacaq. Bu da Rusiya ilə araların pozulmasına və qarşıdan gələn seçkilərdə daha çox müqavimətlə qarşılaşmasına yol aça bilər. Bu baxmdan Paşinyan Davosa getmir və ölkə daxili problemlərlə məşğuldur. Həm də Ermənistan Davosda Baş nazir səviyyəsində iştirak etməsə də prezident Vaaqn Xaçaturyan səviyyəsində iştirak edəcəkdir. Bu həm də Ermənistanın Davosda iştirak etmə görüntüsünü yaratmaq məqsədi daşıyır".

Deputat bildirib ki, Prezident İlham Əliyev isə müstəqil siyasət yürüdən dövlət başçısıdır: "Dövlət başçımızın Davos İqtisadi Forumunda fəal iştirakı regional güc balansı və sülh gündəliyi baxımından Bakının əlini gücləndirən diplomatik üstünlük yaradır. Azərbaycanın müəyyən etdiyi sülh gündəliyi dünya tərəfindən qəbul olunub. O cümlədən Zəngəzur dəhlizi ilə bağlı yaratdığımız reallıqlar da yaxın dövürdə həyata keçirilməyə başlanılacaq və regionumuz sülh və əməkdaşlıq regionunna çevriləcəkdir. Dövlət başçımız ənənəvi olaraq Davosda dövlət başçıları, siyasətçilər, şirkət rəhbərləri ilə çoxsaylı görüşlər keçirir. Bu görüşlər ölkəmizin iqtisadi potensialını qarşı tərəfin diqqətinə çatdırmağına, ölkəyə investisyaların cəlb olunmasına yeni bir fürsətdir. Bu baxımdan dövlət başçımızın Davos İqtisadi Forumunda iştirakı həm regional sülhün möhkəmləndirilməsi baxımından, həm də ölkəmizə investisyaların cəlb edilməsi baxımından əhəmiyyətli olacağını hesab edirəm".

Qeyd edək ki, Davosda Ümumdünya İqtisadi Forum bu il 19-23 yanvar tarixlərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31