Rusiya qazı Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq
18:08 SiyasətErmənistanda Rusiyanın mayeləşdirilmiş təbii qazının Azərbaycandan keçməklə dəmir yolu vasitəsilə Ermənistana daşınması məsələsi müzakirə olunur.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan bildirib.
O qeyd edib ki, Ermənistan qazı iki əsas ölkədən - İran və Rusiyadan idxal edir.
"İranda mövcud şəraitlə əlaqədar bəzi problemlər yaranıb, Rusiya ilə bağlı çətinliklər isə Yuxarı Lars keçid məntəqəsilə əlaqədardır. Lakin bu problemlər yaxın zamanda həll ediləcək, çünki mayeləşdirilmiş qazın Ermənistana dəmir yolu ilə idxalına başlanacaq. Rusiya mayeləşdirilmiş qazı yaxın vaxtlarda Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdıracaq. Rusiyadan Ermənistana dəmir yolu ilə mayeləşdirilmiş qazın idxalı variantı da müzakirə olunur", - deyə o bildirib.
Xatırladaq ki, 2025-ci ilin dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.