Kremlin “Yumşaq təhdid” ruporları: Duqin və Solovyovun hədəfi nədir? – ÖZƏL

Rusiyanın siyasi dairələrində postsovet ölkələrinə qarşı ərazi iddiaları və təhdid ritorikası güclənir. Aleksandr Duqin və Vladimir Solovyov kimi Kremlin əsas təbliğatçıları Azərbaycan, Ermənistan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin müstəqilliyini hədəf alan açıqlamalar verərək, Moskvanın bu dövlətlərin suverenliyi ilə barışmamalı olduğunu bildiriblər.

"Rusiyada zaman-zaman müxtəlif şəxslər və qruplar, xüsusilə də Duqin və Solovyov kimi fiqurlar məhz bu cür bəyanatlarla çıxış edirlər. Buna, əslində, rəsmi mövqe kimi çox da baxmaq olmaz, lakin təbii ki, bu şəxslər Kremlin təbliğat ruporlarıdır. Yəni onların dediyi sözlər, az-çox, Kremlin tərəfindən ölçülüb-biçilmiş və efirə buraxılmış fikirlərdir. Buna görə də, bəli, bu fikirləri biz həm də təhdid xarakterli, daha doğrusu, "yumşaq təhdid" xarakterli açıqlamalar kimi qəbul edə bilərik".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, konkret olaraq, müxtəlif ölkələrin, yəni keçmiş postsovet ölkələrinin müstəqilliklərinin hədəfə alınması Rusiyanın xeyrinə olan bir məsələ deyil. Duqin kimi şəxslər, ən azından, düşünməlidirlər ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Rusiyanın beynəlxalq arenada təkləndiyi indiki dövrdə bu cür bəyanatların verilməsi Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin daha da pisləşməsinə gətirib çıxara bilər.

Ekspert qeyd edib ki, bu gün onsuz da Rusiyanın həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada nüfuzu zəifləyib. Yəni müharibədən əvvəlki gücdə deyil Rusiya bu regionlarda. Belə bir şəraitdə bu tip açıqlamaların verilməsi, əlbəttə ki, ciddi şəkildə Rusiyanın ziyanına işləyən faktordur. Rəsmi Moskva real olaraq belə bir addım atmaz və rəsmi bəyanat da verilməz. Ancaq bu kimi şəxslərin də "ağzının yumdurulması", yəni sakitliyin bərpa olunması istiqamətində müəyyən tədbirlər görülməlidir. Azərbaycan müstəqillik qazandıqdan sonra Rusiyadan bu tip bəyanatları çox eşidib və hər zaman buna lazımi səviyyədə cavab verilib.

"Bu gün Azərbaycan dövləti çox güclü bir dövlətdir. Dünyada öz ərazisini qısa müddətdə işğaldan azad etmiş və indi də təkbaşına işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparan, bu prosesi faktiki olaraq ikinci bir müharibə qədər önəmli mərhələyə çevirən nadir ölkələrdəndir. Köçürülmə, yeni şəhər və kəndlərin salınması istiqamətində ardıcıl addımlar atan, deyərdim ki, tək ölkədir.
Belə bir ölkə ilə bu cür təhdid dili ilə danışmaq mümkün deyil. Bu gün Azərbaycan dövləti öz inkişafının zirvəsindədir. Bizimlə bu tonda danışmaq, əlbəttə ki, yanlış nəticələr doğura bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq birlikdə öz layiqli yerini tutmuş bir dövlətdir," - deyə ekspert vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31