Qrenlandiya böhranı NATO-nun parçalanmasına qədər gedə bilər- ÖZƏL
16:20 SiyasətABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsinə görə səkkiz Avropa ölkəsindən idxala 10 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Avropa Komissiyası və Şurası bu qərarın Atlantik münasibətlərini sarsıdacağını bildirib və Danimarka ilə Qrenlandiyaya tam dəstək ifadə edib. Tramp rüsumların 1 fevraldan qüvvəyə minəcəyini, iyundan isə 25 faizə qədər artırılacağını qeyd edib və Avropanın Qrenlandiyaya qoşun göndərməsini "təhlükəli oyun" adlandırıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" İlk növbədə qeyd etmək lazımdır ki, Qrenlandiya məsələsi ABŞ-ın siyasətində yeni mövzu deyil. Bu adaya iddia hələ 1867-ci ildən ABŞ tərəfindən irəli sürülüb. Sonrakı dövrlərdə də bir neçə dəfə bu ada ilə bağlı ABŞ Danimarka ilə danışıqlar aparmağa və razılıq əldə etməyə çalışıb. Bu məsələdə ABŞ-ın mövqeyi iki əsas səbəblə əsaslandırılır. Birincisi, ölkənin geostrateji maraqları, ikincisi isə adanın malik olduğu əlverişli coğrafi mövqeyi və olduqca zəngin mineral ehtiyatlarıdır.
Son dövrlər ABŞ tərəfindən bu prosesin ciddiləşməsi Avropanı da hərəkətə gətirib. Belə ki, səkkiz Avropa ölkəsi simvolik olaraq Qrenlandiyaya öz hərbçilərini göndərib. Doğrudur, onların sayı təxminən 40 nəfərdir və bu da ABŞ prezidentini, əlbəttə ki, məmnun etmir. Prezident bu ölkələrə 10 faizlik rüsum tətbiq ediləcəyini açıqlayıb. Qrenlandiya ətrafında baş verənlər ABŞ ilə Avropa ölkələri arasında münasibətlərə mənfi təsir göstərən hadisələrdən biridir. Əgər tərəflər bu məsələni qarşılıqlı razılaşma şəraitində yoluna qoymasalar, bu, geosiyasi baxımdan münasibətləri daha da gərginləşdirə və gələcəkdə NATO-nun parçalanmasına qədər gedib çıxa bilər.
Amma düşünürəm ki, Avropa ölkələri bu riskləri hesablasalar da, mövcud şəraitdə bunu gözə almaq istəməyəcəklər və müəyyən kompromis variantlar üzərində dayanmağa cəhd göstərəcəklər.
Ümumilikdə isə hesab edirəm ki, Tramp administrasiyası bu məsələdə kifayət qədər ciddi və prinsipial mövqe sərgiləyir. Əgər bu ciddilik və prinsipiallıq davam edərsə, Avropanın güzəştə getməsi mümkün ortaq variantlardan biri ola bilər.
Yəni ABŞ Avropanın təhlükəsizliyinə tam zəmanət verməklə yanaşı, adanın müəyyən qədər ABŞ-ın patronajlığı altına keçməsi də mümkün görünür. Bu baxımdan, məsələ hələlik tam həllini tapmamış və qeyri-müəyyənlik ehtiva edən bir mövzu kimi dəyərləndirilməlidir".
Zeynəb Mustafazadə