20 Yanvar hadisələri Sovet imperiyasının dayaqlarını sarsıtdı- ÖZƏL
15:58 Siyasət"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa SSRİ rəhbərliyinin, Mixail Qorbaçovun əmri ilə Sovet ordusunun müxtəlif qoşun növləri Bakıya və respublikanın bir sıra bölgələrinə yeridildi. Qadın, uşaq, qoca demədən dinc əhali tanklardan, zirehli texnikadan və avtomat silahlardan atəşə tutuldu. Fövqəladə vəziyyət elan olunmadan əvvəl şəhər artıq qan içində idi. Bu, hüququn, demokratiyanın, humanizmin tam şəkildə tapdalanması idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: ""Bakı əməliyyatı"na birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və DTK rəhbərliyi nəzarət edirdi. Əhali fövqəladə vəziyyət barədə yalnız kütləvi qırğın törədildikdən sonra, səhər saat 5:30-da radio vasitəsilə məlumatlandırıldı. Qanlı faciə nəticəsində 147 nəfər qətlə yetirildi, yüzlərlə insan yaralandı, yüzlərlə vətəndaş qanunsuz həbs olundu, mülki infrastruktur dağıdıldı. Bu, sovet totalitar sisteminin öz vətəndaşına qarşı törətdiyi açıq hərbi təcavüz idi.
20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycanda siyasi və mənəvi dayaqlarını birdəfəlik sarsıtdı. Xalqın rejimə olan inamı tamamilə yox oldu, Sovet İKP-yə üzvlük kütləvi şəkildə rədd edildi. Azərbaycan xalqı başa düşdü ki, azadlıq və müstəqillik yalnız mübarizə yolu ilə mümkündür. Faciəyə ilk prinsipial və cəsarətli siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi.
Ulu öndər 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, açıq şəkildə bu qanlı hadisəni pislədi, Sovet rəhbərliyini və o zamankı respublika rəhbərlərini ittiham etdi. Bu mövqe, informasiya blokadasına baxmayaraq, xalqın qəlbində ümid çırağını yandırdı".