Rusiyanın neoimperialist iştahı: Postsovet ölkələri təhlükədədir? – ÖZƏL

Rusiyada yayımlanan siyasi verilişdə qalmaqallı açıqlama səslənib. Politoloq Mixail Aleksandrov Rusiyanın postsovet məkanına dair siyasətini tənqid edərək Moskvanın "sadəlövh yanaşma" ilə hərəkət etdiyini bildirib. Verilişdə Vladimir Solovyovun çıxışlarında Azərbaycanın adını çəkməməsi diqqət çəkib. Aleksandrov bunu belə izah edib: "Məncə, azərbaycanlılar onu kifayət qədər qorxudublar." Açıqlama Rusiya ictimai-siyasi mühitində geniş rezonans doğurub.

Maraqlıdır, Solovyovun ritorikasında Azərbaycanın kənarda qalması nəyi göstərir? Bu tip açıqlamalar regionda gərginliyə necə təsir göstərə bilər? Rusiya mediasında Azərbaycanın çəkilməməsi strateji ehtiyatdır, yoxsa siyasi mesaj? 

"Solovyovun açıqlamalarında Azərbaycanın adı çəkilməsə də, Dubinin çıxışlarında Azərbaycanın da adı yer alır. Yəni bu, ümumi bir xəttdir: Rusiya keçmiş sovet respublikalarının, yəni postsovet ölkələrinin müstəqilliyini qəbul etmək istəmir və həmin dövlətləri yenidən Rusiyanın müstəmləkəsi altına almağa cəhd göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, açıq-aydın müşahidə olunur ki, Rusiyada neoimperialist dalğa baş qaldırıb. Öz ölkəsini xoşbəxt edə bilməyən Rusiya siyasi dairələri keçmiş sovet respublikalarını - indiki müstəqil dövlətləri - yenidən öz sərhədləri daxilinə qatmaq və istismar etmək niyyətinə düşüblər. Bunun kifayət qədər ciddi səbəbləri var. Rusiya iqtisadiyyatı çökməkdədir və ABŞ-nin dəstəyi olmasa, Rusiyanın Ukrayna müharibəsində məğlubiyyəti qaçılmaz ola bilər. Kreml çox yaxşı anlayır ki, indiki vəziyyət uzun müddət davam edə bilməz və bu, Rusiyada böyük böhranın başlanğıc əlamətləridir. Rusiyanın iqtisadiyyatının çökməkdə olduğunu onun rəqibləri də dəqiq bilirlər. Ona görə də Rusiya, həmişə olduğu kimi, öz problemlərini ört-basdır etmək üçün avantürist və neoimperialist iddialar irəli sürür və bununla gündəmi dəyişməyə çalışır.

Ekspert əlavə edib ki, eyni zamanda, gələcəkdə bu istiqamətdə addımlar atacağı təqdirdə beynəlxalq iradə mərkəzlərinin reaksiyasını indidən yoxlayır. Ümumiyyətlə, Rusiya tarixən çökmə dövrlərində başqalarının ərazilərini işğal edərək itkilərini kompensasiya etməyə vərdiş etmiş bir dövlətdir. Rusiya imperiyası dağılarkən və Sovet İttifaqının ilk illərində də oxşar proseslər müşahidə olunmuşdu. İndi də Rusiya Çar imperiyasının çökmə dövründəki prosesləri təkrarlamağa başlayır və belə görünür ki, mövcud vəziyyət bu şəkildə davam edərsə, Rusiyanın çökmə ehtimalı tam real görüntülər ala bilər. Rusiyanın təhdidkar, avantürist və neoimperialist iddiaları postsovet ölkələrini qorxudaraq Rusiya əleyhinə mövqe tutmaqdan çəkindirmək və eyni zamanda gələcəkdə həmin ölkələri işğal etmək imkanlarını yoxlamaq məqsədi daşıyır. Bu baxımdan Rusiya son dərəcə təhlükəli dövlətdir və onun öz sərhədləri ətrafında yerləşən istənilən ölkəyə zərər vermə ehtimalı kifayət qədər yüksəkdir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31