İranda iğtişaşlar zamanı bu yerlərə zərər dəyib– Rəsmi açıqlama
15:13 Siyasətİranda baş verən kütləvi iğtişaşlar zamanı ölkə üzrə çoxsaylı dini və ictimai obyektlərə ciddi ziyan dəyib.
Musavat.com xəbər verir ki, bu barədə İran parlamentində səsləndirilən rəsmi məlumatda bildirilib.
Açıqlamaya əsasən, iğtişaşlar dövründə 250 məktəb, 300 məscid, 90 dini təhsil müəssisəsi zədələnib. Bundan başqa, təhlükəsizlik qüvvələrinə məxsus 2 min 200 polis avtomobili sıradan çıxarılıb və ya ciddi ziyan görüb.
Parlament nümayəndələri qeyd ediblər ki, zərər görən obyektlərin böyük hissəsi ölkənin müxtəlif əyalətlərində yerləşir və hadisələr təkcə inzibati binalarla məhdudlaşmayıb, dini və təhsil infrastrukturu da hədəfə çevrilib.
Rəsmi Tehran baş verənləri "genişmiqyaslı iğtişaşlar" və "ictimai asayişə yönəlmiş hücumlar" kimi qiymətləndirir.
İran hakimiyyəti artıq ziyan dəymiş obyektlərin bərpası ilə bağlı ilkin qiymətləndirmə işlərinə başlayıb. Eyni zamanda təhlükəsizlik orqanlarının fəaliyyəti gücləndirilib, iğtişaşların təşkilində iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunacağı vurğulanıb.
Qeyd edək ki, son dövrlər İranda sosial-siyasi gərginliyin artması fonunda etiraz aksiyaları və toqquşmalar intensiv xarakter alıb. Rəsmi qurumlar isə vəziyyətin nəzarət altında olduğunu və sabitliyin bərpası üçün bütün zəruri addımların atıldığını bildirirlər.