20 Yanvar-Milli azadlıq mübarizəsinin dönüş nöqtəsi- ÖZƏL
15:11 Siyasət"20 Yanvar 1990-cı il Azərbaycan tarixində həm dərin milli faciə, həm də azadlıq mübarizəsinin qəti dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmin gecə Sovet İttifaqının silahlı qüvvələri tərəfindən Bakıda və respublikanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirilən hərbi müdaxilə totalitar sovet rejiminin mahiyyətini açıq şəkildə nümayiş etdirdi. Bu qanlı əməliyyat xalqın suverenlik və müstəqillik tələblərini boğmaq məqsədi daşıyırdı". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədr müavini Leyla Babışova deyib: "1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi proseslər milli respublikalarda özünüdərk və azadlıq ideyalarını gücləndirmişdi. Azərbaycanda bu proseslər Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağ münaqişəsi fonunda daha da kəskin xarakter almışdı. Mərkəzi hakimiyyətin ədalətsiz və qərəzli mövqeyi cəmiyyətin Sovet rejiminə olan etimadını sarsıtmış, 20 Yanvar hadisələri isə bu etimadsızlığı tam şəkildə rəsmiləşdirmişdi.
Sovet ordusunun fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi, mülki əhaliyə qarşı ağır hərbi texnikanın tətbiqi beynəlxalq hüququn, eləcə də SSRİ Konstitusiyasının kobud şəkildə pozulması idi. Qadınların, uşaqların və ahıl şəxslərin qətlə yetirilməsi Sovet hakimiyyətinin legitimliyini tamamilə aradan qaldırdı və imperiya sisteminin siyasi iflasını sürətləndirdi.
Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi prinsipial siyasi mövqe bu faciənin tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Onun təşəbbüsü ilə 1994-cü ildə hadisələrə siyasi-hüquqi qiymət verildi və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Bu, milli yaddaşın və müstəqil dövlətçilik ideologiyasının formalaşmasında həlledici mərhələ oldu"
