Qorxutmaq istədilər, oyatdılar: 20 Yanvar və milli azadlıq mübarizəsi- ÖZƏL
15:07 Siyasət"20 Yanvar hadisələri Azərbaycan tarixində milli azadlıq mübarizəsinin dönüş nöqtəsi kimi qalır. 1990-cı ilin 20 yanvarında Sovet ordusunun fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi, dinc əhaliyə qarşı ağır silahlarla divan tutulması nəticəsində 147 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı. Bu qanlı aksiya SSRİ rəhbərliyinin Azərbaycanda güclənən milli-azadlıq hərəkatını, suverenlik tələblərini boğmaq məqsədi daşıyırdı".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"Hadisələr imperiyanın zəifləməsinin və süqutunun simvolu oldu. Sovet qoşunlarının təcavüzü xalqın iradəsini qırmaq əvəzinə, müstəqillik ideyasını ümummilli amala çevirdi. Qorbaçovun qərarı ilə həyata keçirilən bu əməliyyat SSRİ-nin daxili ziddiyyətlərini açıq şəkildə nümayiş etdirdi və Azərbaycanın müstəqillik yolunu sürətləndirdi.
Ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvada verdiyi kəskin qiymət və sonradan dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi bu hadisələrin mahiyyətini dünyaya tanıtdı. 1994-cü il qərarı ilə 20 Yanvar Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi təsbit olundu. Bu gün 20 Yanvar həm hüzn, həm də qəhrəmanlıq günüdür. Şəhidlərin xatirəsi milli birliyin, vətənpərvərliyin simvolu kimi qorunur. Hadisələr Azərbaycanın müstəqilliyə gedən yolunda qanla yazılmış səhifə olaraq qalır və gələcək nəsillərə azadlıq uğrunda mübarizənin dəyərini xatırladır".
Zeynəb Mustafazadə