Tokayev: Parlament islahatları Qazaxıstanı faktiki olaraq yeni Konstitusiyaya aparır -ÖZƏL
13:17 SiyasətQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament islahatlarının ölkənin Konstitusiyasının bir neçə bölməsinin yenidən baxılmasını zəruri edəcəyini və bunun mahiyyət etibarilə yeni əsas qanunun müzakirəsi demək olduğunu bildirib. Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti Tokayevin iştirakı ilə keçirilən parlament islahatları üzrə işçi qrupun iclasından sonra məlumat yayıb.
Prezidentin sözlərinə görə, ölkədə keyfiyyətcə yeni siyasi model formalaşır. "Parlament islahatlarının həyata keçirilməsi Konstitusiyanın bir neçə bölməsinə yenidən baxılmasını tələb edəcək. Əsas qanuna əvvəllər edilmiş dəyişiklikləri də nəzərə alsaq, işçi qrupun təklif etdiyi düzəlişlər paketi mahiyyət etibarilə Qazaxıstanın yeni Konstitusiyasının müzakirəyə çıxarıldığını deməyə əsas verir", - deyə Tokayev vurğulayıb.
Dövlət başçısı bildirib ki, yanvarın 20-də Milli Qurultayın iclasında bu məsələ ilə bağlı konkret ideyalarını təqdim edəcək. Onun sözlərinə görə, qarşıda institusional əsasların dərin şəkildə yenidən qurulması və qanunverici hakimiyyət qolunun sistemli şəkildə yenidən formatlaşdırılması dayanır.
Tokayev xatırladıb ki, konstitusiya islahatlarının müzakirəsinə başlanmasından artıq təxminən altı ay keçir. Prezident sentyabr ayında xalqa müraciətindən sonra cəmiyyətdə gedən müzakirələri diqqətlə izlədiyini, ekspert rəylərini, təklif olunan düzəliş layihələrini və vətəndaşlardan daxil olan çoxsaylı təklifləri ətraflı şəkildə nəzərdən keçirdiyini qeyd edib.