Zəngəzur dəhlizi layihəsi Ermənistanı belə SİLKƏLƏYİR

Donald Trampın təşəbbüsü ilə irəli sürülən TRIPP ("Trump Route for International Peace and Prosperity") layihəsi Ermənistanın daxili siyasi gündəmini sarsıtmaqda davam edir. Xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubionun ortaq açıqlamasından sonra ilk dəfə sənədin şərtləri açıqlanıb. Rəsmi İrəvan layihəni "blokadanın açılması", "regional inteqrasiya" və "təhlükəsizlik zəmanəti" kimi təqdim edir. Lakin Ermənistan daxilində layihəyə skeptik yanaşan ekspertlər də var. Burada xüsusilə revanşist dairələrin canfəşanlıq etməsi diqqət çəkir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli iqtisadçı Suren Parsyanın fikirləri bu qəbildəndir.

Sənədə görə, yaradılacaq şirkətdə səhmlərin 74%-i ABŞ-yə, 26%-i Ermənistana məxsus olacaq. İstismar müddəti isə 49+50 il olmaqla faktiki olaraq 99 illik dövrü əhatə edir.

Parsyan bunu "klassik investisiya" adlandırmağın çətin olduğunu iddia edir.

Onun sözlərinə görə, bu, Ermənistan tarixində analoqu olmayan modeldir və infrastruktura nəzarətin faktiki ötürülməsi anlamına gəlir.

Sənəddə ən çox müzakirə doğuran hissə "Front office - Back office" mexanizmidir. Modeldə: müştəri və tranzit işi özəl operator - ABŞ tərəfindən, təhlükəsizlik və hüquqi prosedurlar isə Ermənistan dövləti tərəfindən həyata keçirilir. Bununla da Bakı tərəfinin "erməni sərhəd və gömrükçüsünü görməmə" tələbi dolayısı ilə təmin edilir. Parsyan bu yanaşmada açıq şəkildə siyasi-millətçi motivlər gördüyünü deyir.

Layihə yalnız Ermənistanı deyil, Transxəzər xəttini də hədəfləyir. Bu isə o deməkdir ki, Tramp regiondakı logistikanı ABŞ-nin nəzarətinə çəkmək istəyir. Lakin Parsyanın fikrincə, iqtisadi reallıq siyasətin qarşısında dayanır:

"Ən ucuz və ən qısa yol hazırda Gürcüstan üzərindən keçir. Çin niyə ABŞ nəzarətində olan marşruta keçsin? Burada oyun böyükdür və oyunun əsas aktorları Çin, ABŞ və Rusiyadır. Ermənistan sadəcə tranzit meydançadır".

Parsyanın iddiasına görə, Tehran və Moskva prosesdən tam kənarda qalarsa, layihə davamlı olmayacaq. Çünki Tehran Sünikdə "Şimal-Cənub" marşrutunu tikir, Rusiya isə regionda iqtisadi və hərbi təsir aktorudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31