20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

20 Yanvar hadisəsi müasir tariximizdə təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də milli kimliyimizi, mübarizliyimizi sübut edən növbəti imtahan idi.
1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı azğın cinayətləri haqlı olaraq xalq kütlələrinin hiddətinə səbəb oldu. 1987-ci il dekabrın sonu və 1988-ci ilin yanvarında əzab və əziyyətlərə, işgəncələrə məruz qalan azərbaycanlılar Ermənistandan, öz ata-baba yurdlarından qovuldular. Bu haqlı qəzəb idi. Uzun illər təcavüzə hazırlaşan və təşkilatlanan ermənilərdən fərqli olaraq, Azərbaycan tərəfi ehtiyatsızlıqdan yaxalandı. Ancaq buna baxmayaraq xalq öz etirazını bildirir, bu haqsızlığa son qoyulmasını tələb edirdi. 1988-ci ildə  keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə ilə birgə apardıqları anti Azərbaycan siyasətinin tərkib hissəsi idi. Lakin, onlar öz qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə  nail olmasına  gətirib çıxardı. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, "... bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı".
Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi. Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd  yanaşırdı. 20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və  güclü siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. Bəli Xalq o günlərdə böyük bir həqi­qəti - meydanda həqiqi liderin olma­masını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azər­baycanın Moskvadakı daimi nümayən­dəliyinə gəldi. Ulu öndər təcavüzə kəs­kin etirazını bildirdi, faciəni törədən­ləri, şəxsən M.Qorbaçovu kəskin it­tiham etdi, qoşunların Bakıdan çıxarıl­masını tələb etdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi.
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymət­lən­dirmək yolunda ciddi addımlar atıldı... "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin, həmçinin veteranların sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil­lərin problemlərinin dövlət səviyyəsin­də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqa­mətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən­dirilir.
Biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi  qiymətləndirmirik. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən  şərəfli  səhifələrdən biridir!  Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu! 
Bu gün  20 Yanvar hadisələrinin  36-cı ildönümüdür.  XX əsrin 80-ci illərin sonunda başlayan milli -azadlıq hərəkatı öz  ideyalarına çatdı. Azərbaycan müstəqil dövlətdir, xalqımız ləyaqətlə mübarizə apararaq, erməni işğalına son qoydu. 44 günlük Vətən Müharibəsi və 1 gündən də az davam edən aiti-terror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz və suveren hüquqlarımız bərpa olundu. Başımız dik, alnımız açıqdır.  Qarşımızda yeni vəzifələr və hədəflər dayanır. Dünyada gedən  mürəkkəb və çətin geosiyasi proseslər fonunda daim  ayıq olmalı, güclü olmalıyıq. Biz qalib dövlət və qalib xalqıq! Canı, qanı bahasına bu qalibiyyəti bizə bağışlayan Şəhidlərimiz və Şəhidlər xiyabanlarımız azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır!
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31