Ombudsman: 20 Yanvar hadisələri beynəlxalq hüquqa uyğun olaraq insanlıq əleyhinə cinayət kimi tanınmalıdır

20 Yanvar təkcə bir gecənin faciəsi deyil. Bu tarix Azərbaycan xalqının azadlıq iradəsinin sınağa çəkildiyi, milli ləyaqətinin, vətəndaş mövqeyinin və müstəqillik əzminin bütün dünyaya nümayiş olunduğu tarixi bir mərhələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-ci ildönümünə həsr olunmuş anım tədbirində deyib.

O bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqının milli azadlıq ruhunu, müstəqil dövlət qurmaq iradəsini boğmaq məqsədilə mülki əhaliyə qarşı amansız və misli görünməmiş hərbi müdaxilə həyata keçirilib.

"Həmin qanlı gecədə qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, 150 nəfər dinc sakin qətlə yetirilmiş, yüzlərlə insan ağır və müxtəlif dərəcəli xəsarətlər almış, çoxsaylı günahsız vətəndaş isə qanunsuz olaraq həbs edilmişdir. Bu hadisə zamanı yaşamaq hüququ, təhlükəsizlik hüququ, ifadə və sərbəst toplaşma azadlığı kimi fundamental insan hüquqları kütləvi şəkildə pozulmuş, beynəlxalq hüququn əsas prinsipləri ayaqlar altına alınmışdır", - deyə S.Əliyeva xatırladıb.

Ombudsman vurğulayıb ki, 20 Yanvar hadisələri beynəlxalq hüquqa uyğun olaraq insanlıq əleyhinə cinayət kimi tanınmalı, bu cinayətin törədilməsinə əmr verən və onu icra edən bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31