Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq
19:06 Siyasət1990-cı ilin yanvar ayında bütün dünya Azərbaycan xalqının ədalətsizliyi aradan qaldırmaq, azadlığı və müstəqilliyi bərpa etmək əzminin şahidi oldu.
Bu fikri Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədri Mehmet Qiyas Azərtürk 20 Yanvar faciəsinin 36-cı ildönümü ərəfəsində AZƏRTAC-a verdiyi müsahibədə ifadə edib.
TADDEF rəhbəri 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edərək Azərbaycanın müstəqilliyinin və suverenliyinin toxunulmazlığını vurğulayıb. "20 Yanvar təkcə matəm günü deyil, həm də Azərbaycan tarixində qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqının oğul və qızlarının qəhrəmanlığı və dözümlülüyü yeni nailiyyətlərə və qələbələrə yol açdı ki, bunun da tarixi mərhələsi işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi oldu", - deyə o qeyd edib.
Federasiya rəhbərinin sözlərinə görə, 1990-cı ilin yanvarında Azərbaycanda 1918-ci ildə dövlətçiliyi əlindən alınan xalqın ölməz ruhu dirçəldi.
"20 Yanvar şəhidlərinin vəsiyyət etdiyi müstəqillik, Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi işığında Azərbaycan və Türkiyənin birliyi ilə əbədi olaraq möhkəmləndirilir", - deyə TADDEF rəhbəri vurğulayıb.
O, müasir Azərbaycanın zülm dövrünü geridə qoyan və inkişaf yolunda inamla irəliləyən müstəqil, güclü bir dövlət olduğunu vurğulayıb.
"Əminəm ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq", - deyə M.Q. Azərtürk bildirib.