Eldəniz Əmirov: "İranla bağlı proseslər Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə deyil" – ÖZƏL
19:36 Siyasət"İranın artıq uzun müddətdir sanksiyalar təzyiqi altında qalması ölkənin iqtisadi potensialını tam şəkildə reallaşdırmasına imkan vermirdi".
Bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, bu vəziyyət, təbii ki, İranın qlobal iqtisadiyyatda rolunun artmasının qarşısını alırdı. Əgər hər hansı bir ölkənin qlobal iqtisadiyyatda çəkisi artmırsa, həmin ölkədə baş verən iqtisadi proseslər də qlobal iqtisadi sistemə ciddi təsir göstərmir. Bu təsir yalnız İranla geniş ticarət dövriyyəsinə malik olan bəzi ölkələr üçün hiss oluna bilər. Azərbaycan kontekstində məsələyə baxdıqda görürük ki, İranla Azərbaycan arasında mövcud olan ticarət dövriyyəsi ölkəmizin ümumi xarici ticarətində həlledici paya malik deyil. Bu baxımdan, İran ətrafında baş verən proseslərin Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərəcəyini düşünmürəm.
"Əlbəttə, əgər bu proseslər uzunmüddətli xarakter alarsa, müəyyən tədarük zəncirlərində qırılmalar baş verə, İran məhsullarını istehsal edən müəssisələrin fəaliyyəti zəifləyə və ya dayana bilər. Bu halda İran məhsullarının Azərbaycana idxalında müəyyən çətinliklər yarana bilər. Lakin hesab edirəm ki, bu vəziyyət Azərbaycanda hər hansı məhsul qıtlığına səbəb olmayacaq. Qiymətlərin kəskin şəkildə artması ehtimalı da yüksək deyil. Ola bilsin ki, bəzi məhsullar üzrə müvəqqəti və məhdud qiymət artımları müşahidə edilsin, amma bu artımlar uzunmüddətli olmayacaq. Çünki alternativ bazarlar və digər tədarük mənbələri hesabına yaranan boşluqları doldurmaq mümkündür. Bu da bazar iqtisadiyyatının əsas qanunlarından biridir: hər hansı bir ölkə, müəssisə və ya istiqamət müəyyən səbəbdən bazarda boşluq yaradarsa, digər iştirakçılar bu boşluğu qısa müddətdə doldurur", - deyə iqtisadçı əlavə edib.
Lamiyə Cəbrayılova