Azərbaycan və Türkiyə ziyalıları arasında fikir mübadiləsi aparılıb
17 Yanvar 10:40 SiyasətTürkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyi Alptekin Cihangir İşbilirlə tədbir keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı məlumat verib: "Görüş çərçivəsində ziyalılarımız, elm və mədəniyyət nümayəndələri ilə səmimi və məzmunlu fikir mübadiləsi aparıldı. Görüşdə iştirak etmək və Azərbaycan-Türkiyə münasibətlərinin bu günkü yüksək səviyyəsi barədə fikirlərimi bölüşmək mənim üçün xüsusi məmnunluq doğurdu.
Azərbaycan-Türkiyə münasibətləri təkcə diplomatik tərəfdaşlıq deyil, ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə söykənən qardaşlıq münasibətləridir. Bu əlaqələr bu gün Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Bu münasibətlərin bu qədər möhkəm və strateji xarakter alması Möhtərəm Cənab Prezident İlham Əliyevin formalaşdırdığı sarsılmaz liderlik birliyinin, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq ruhuna söykənən siyasətinin parlaq nəticəsidir. Şuşa Bəyannaməsi birliyimizin siyasi, hərbi, iqtisadi və humanitar müstəvidə nə qədər möhkəm təməllər üzərində qurulduğunun bariz nümunəsidir. Möhtərəm Cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda güclü, etibarlı tərəfdaş kimi çıxış edir və Türkiyə ilə münasibətlər bu gücün əsas dayaqlarından biridir.
Görüş zamanı ADPU-nun prorektoru, professor Mahirə Nağıqızının elm və mədəniyyətlə bağlı səsləndirdiyi dəyərləndirmələr müzakirələrə xüsusi məzmun və dərinlik qatdı. Onun fikirləri bir daha göstərdi ki, elm və mədəniyyət Azərbaycan-Türkiyə münasibətlərinin humanitar sütununu təşkil edir və bu sahədə əməkdaşlıq gələcək nəsillər üçün möhkəm ideoloji-mənəvi baza yaradır.
Qarşılıqlı anlayış və hörmət mühitində keçən bu dialoq milli-mənəvi dəyərlərimizin qorunması, ziyalı cəmiyyət əlaqələrinin möhkəmlənməsi və qardaş ölkə ilə humanitar sahədə əməkdaşlığın genişlənməsi baxımından olduqca əhəmiyyətlidir.
Görüşdə sağlam və məhsuldar mühitin formalaşdırılması Prezident mükafatçısı, yazıçı-jurnalist və təşkilatçı Sona Abbasəliqızı İsmayılovanın peşəkar yanaşmasının təzahürüdür.
Əminəm ki, bu formatda keçirilən görüşlər gələcəkdə də Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə, ziyalılarımız arasında fikir və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcəkdir".