ABŞ-ın Cənubi Qafqaz rolu güclənir, Azərbaycan üçün imkanlar artır- ÖZƏL
17:51 SiyasətABŞ və Ermənistan Zəngəzur dəhlizinin açılmasını rəsmiləşdirən Bəyannamə imzalayıb. ABŞ marşrutun 74%-inə, Ermənistan isə 26%-inə sahibdir. Bu isə yolun faktiki ABŞ nəzarətində olması və regionun iqtisadi imkanlarının əsasən onların əlində cəmlənməsi deməkdir.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: "Amerikanın TRIPP layihəsində paya sahib olması Rusiyanın praktik olaraq regiondakı nüfuzuna təsir göstərir. Bu, həm Rusiyanın təsirini zəiflətməyə, həm də ABŞ-ın bölgədə balans rolunu gücləndirməyə imkan verir.
Layihə əsasən logistika və nəzarət imkanlarını artırmaq, tranzit yollarını və təhlükəsizlik mexanizmlərini təkmilləşdirmək məqsədi daşıyır. ABŞ birbaşa əraziyə sahib olmadan burada xüsusi nəzarət imkanlarını saxlayır. Məsələn, 2020-ci il 10 noyabr bəyanatına görə, nəqliyyat əlaqələri üzrə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən həyata keçirməli olsa da, faktiki olaraq,
Vaşinqtonda razılaşdırılan layihə ilə ABŞ-ın regiondakı təsir imkanları artırır.
Bundan əlavə, TRIPP Azərbaycanın regiondakı rolu və tranzit imkanlarının genişlənməsi üçün də əhəmiyyətlidir. Layihə heç bir ərazinin paylanması mənasına gəlmir, lakin Azərbaycanın regional təsirinin güclənməsinə və tranzit imkanlarının daha səmərəli idarə olunmasına xidmət edir.
Bu baxımdan da ABŞ-ın cənubi Qafqazdakı fəaliyyəti Rusiyanın təsirini zəiflətməklə, regionda daha balanslı əziyyətin yaranmasına gətirib çıxarır və Azərbaycan üçün strateji üstünlüklər yaradır".
Zeynəb Mutafazadə