Bakı və Moskva arasında "AQEM" diplomatiyası: Soyuq münasibətlərdə yeni ümid – ÖZƏL
15:51 SiyasətAzərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya XİN müavini Andrey Rudenko Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) gələcəyini müzakirə ediblər. Azərbaycan 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM-i tammiqyaslı beynəlxalq təşkilata çevirmək və nizamnaməsini hazırlamaq niyyətindədir. Rusiya Bakıda keçiriləcək AQEM sammitini və Azərbaycanın bu platformadakı islahatlarını tam dəstəkləyir.
Ekspertlər bu addımı Avrasiya məkanında yeni siyasi güc balansının formalaşdırılması kimi qiymətləndirirlər.
"Təəssüflər olsun ki, bu gün Azərbaycan-Rusiya münasibətlərində müəyyən sərinlik yaranıb. Bu sərinliyin əsas səbəbi Rusiyanın Azərbaycan mülki təyyarəsinin vurması faktı və bu hadisəyə görə məsuliyyət daşıyan şəxslərin cavabdehlikdən yayınması, insidentin israrla qəza kimi təqdim edilməsidir. Məhz bu yanaşma iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Taleh Əliyev deyib. Ekspert bildirib ki, lakin bu, Azərbaycan və Rusiya arasında münasibətlərin bütün sahələr üzrə tamamilə dayanması demək deyil. Hazırda iki ölkə arasında diplomatik əlaqələr mövcuddur, iqtisadi və ticarət münasibətləri davam edir və digər istiqamətlərdə də dövlətlərarası əməkdaşlıq tam şəkildə dayandırılmayıb.
Bu baxımdan, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) növbəti sammitinin Azərbaycanın sədrliyi dövründə Bakıda keçirilməsi və Azərbaycanın təşəbbüsü ilə bu qurumun tammiqyaslı beynəlxalq təşkilata çevrilməsi ideyasının Rusiya tərəfindən müzakirə olunmasını düzgün və düşünülmüş diplomatik addım hesab edirəm. Çünki Rusiya Asiyanın ən böyük dövlətlərindən biridir və eyni zamanda Azərbaycanla qonşu ölkədir. Qurumun beynəlxalq təşkilata çevrilməsi təşəbbüsü onun mahiyyətindən irəli gəlir. AQEM-in əsas məqsədi qarşılıqlı əməkdaşlıq və etimad tədbirlərinin gücləndirilməsidir. Bu gün məhz Rusiya ilə Azərbaycan arasında bu cür etimad və qarşılıqlı fəaliyyət mexanizmlərinə daha çox ehtiyac var. Hətta bu ehtiyac Azərbaycanın Rusiya ilə artıq normal və mehriban münasibətləri olan bəzi digər ölkələrlə müqayisədə daha aktualdır. Təşkilatın adı və missiyası da göstərir ki, AQEM əsasən etimad münasibətləri zəif olan, qarşılıqlı əməkdaşlıqda çətinliklər yaşayan ölkələr, xüsusilə Asiya dövlətləri arasında bu sahədə real irəliləyişə nail olmağı qarşısına məqsəd qoyur.
Ekspert qeyd edib ki, son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu bu təşəbbüsün əhəmiyyətini daha da artırır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə aparılan struktur islahatları, COP29-un Bakıda keçirilməsi və bu çərçivədə qəbul edilən mühüm və uğurlu qərarlar, eləcə də Azərbaycanın beynəlxalq imperializmə qarşı apardığı ardıcıl və prinsipial siyasət onu göstərir ki, Azərbaycan bu gün qlobal siyasətdə aktiv və təşəbbüskar mövqedə olan dövlətdir. AQEM-ə sədrliyi dövründə bu qurumu real, işlək və təsirli beynəlxalq mexanizmə çevirməyi hədəfləməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və siyasi iddialarının təzahürüdür. Bu təşəbbüsün həyata keçirilməsi həm Azərbaycanın mövqelərinin möhkəmlənməsi, həm də regional sabitliyin gücləndirilməsi baxımından olduqca faydalıdır. Bu proses çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin mümkün qədər normallaşması hər iki ölkənin maraqlarına uyğundur. Əksinə, münasibətlərin gərgin qalması nə Azərbaycan, nə də Rusiya üçün faydalıdır, əksinə, hər iki tərəfin strateji maraqlarına zərər vurur.
Lamiyə Cəbrayılova