Kadaqişvili: Gürcüstanda vətəndaşların ölkəni tərk etməsinə məcbur edən vəziyyət yoxdur – ÖZƏL

Gürcüstanda vətəndaşların ölkəni tərk etməsinə məcbur edən obyektiv vəziyyət mövcud deyil. 

Olaylar.az xəbər verir ki, bu fikri parlamentin özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili ABŞ-nin Gürcüstan da daxil olmaqla 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini müvəqqəti dayandırmasına münasibət bildirərkən səsləndirib.

Onun sözlərinə görə, hazırda ABŞ əsasən immiqrasiya vizalarının verilməsindən imtina edir, lakin müxtəlif məqsədlər üçün nəzərdə tutulan vizaların verilməsi əvvəlki qaydada davam edəcək. Kadaqişvili ABŞ-də aparılan immiqrasiya siyasətinə diqqət çəkərək bildirib ki, bu qərar ümumi yanaşmanın tərkib hissəsidir.

"Hazırda ABŞ-də immiqrasiya sahəsində hansı siyasətin həyata keçirildiyini görürsünüz. Faktiki olaraq immiqrasiya vizaları verilmir. Bildiyiniz kimi, Tramp "qızıl kart" mexanizmini tətbiq edib. ABŞ-də yaşamaq hüququ əldə etmək istəyənlər üçün yüksək maliyyə öhdəlikləri tələb olunur. Ümumiyyətlə, immiqrasiya vizası o zaman verilir ki, vətəndaş öz ölkəsini tərk etməyə məcbur qalır. Mən isə hesab edirəm ki, Gürcüstanda bu cür məcburiyyət yaradan obyektiv şərait yoxdur", - deyə o vurğulayıb.

Komitə sədri qeyd edib ki, təhsil, biznes, işgüzar əlaqələr və turizm məqsədilə nəzərdə tutulan vizalar əvvəlki kimi verilməyə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31