Tehran xəbərdarlıq etdi: "Təcavüzə qətiyyətli cavab veriləcək" – ÖZƏL
13:50 SiyasətOlaylar.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsinin müavini Qolamhoseyn Darzi Təhlükəsizlik Şurasının iclasında ölkəsinin rəsmi mövqeyini açıqlayıb. O bildirib ki, Tehran gərginliyin artırılmasında maraqlı deyil, lakin istənilən hücuma qanuni cavab verməyə hazırdır.
Diplomat qeyd edib ki, birbaşa və ya dolayısı ilə edilən hər hansı təcavüz aktına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq mütənasib cavab veriləcək.
Darzi bu xəbərdarlığın təhdid deyil, hüquqi reallıq olduğunu və yarana biləcək fəsadlara görə məsuliyyətin qarşı tərəfin üzərinə düşəcəyini vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayından bəri İranda rialın dəyərdən düşməsi səbəbindən kütləvi etirazlar davam edir. Yanvarın 8-dən etibarən devrilmiş şahın oğlu Rza Pəhləvinin çağırışları ilə aksiyalar daha da kəskinləşib, ölkədə internet məhdudlaşdırılıb. Toqquşmalar zamanı hər iki tərəfdən itkilərin olduğu bildirilir. Tehran administrasiyası bu iğtişaşlarda ABŞ və İsraili ittiham edərək, yanvarın 12-də vəziyyətin tam nəzarətə alındığını elan edib.