Qarabağ və Şərqi Zəngəzurun bərpası beynəlxalq investisiyalar üçün böyük yol açıb- ÖZƏL

"2026-cı ildə qlobal siyasətin çətinlikləri ilə dünyanın üz-üzə qalması qaçılmaz görünür. Hər halda, geosiyasi qarşıdurmaların həm davamı, həm də müəyyən mərhələdə həlli üçün bu il mühüm il olacaq. ABŞ-Rusiya münasibətləri, eləcə də Qərb-Çin rəqabəti, Yaxın Şərqdə davam edən qeyri-sabitlik, post-münaqişə zonalarında risklərin hələ də qalması, eləcə də İran və hələ açıq görünməyən digər imperialist və derjava güclərin geosiyasi tələb və təklifləri göstərir ki, bu proseslər məqsəd və niyyətlər tam həllini tapana qədər dərinləşərək davam edəcək. Burada qlobal iqtisadi yanaşma da mühüm rol oynayır. Bu günün reallıqları əsasən iqtisadi və ticarət müharibələri ilə yadda qalacaq. Güman edirəm ki, borc böhranları daha çox inkişaf etməkdə olan ölkələrə təsir göstərəcək. Bütün bu sadalananlar bəşəriyyətin qarşısında dayanan çətin və mürəkkəb sınaqlardan xəbər verir. Çünki güc balansında yaranan problemlər, xüsusilə BMT və ATƏT-in təsir imkanlarının ciddi şəkildə zəifləməsi, güc siyasətini ön plana çıxarır. Mövcud risklər və çağırışlar nəzərə alındıqda, ölkəmizin də dünyanın tərkib hissəsi olması səbəbindən müəyyən təsirlərlə üzləşməsi gözləniləndir". "Olaylar" xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib: "Enerji gəlirlərinin sabit saxlanılması isə bizim üçün prioritet məsələ olaraq qalır və bu, Cənubi Qafqazda geosiyasi maraqların toqquşmasından birbaşa asılıdır. Çünki müxtəlif güc mərkəzləri arasında balanslı siyasətin qorunması getdikcə daha da çətinləşir. Lakin dövlətimiz üçün müsbət cəhətlər və imkanlar mövcuddur. Bu imkanları hakimiyyətin apardığı diplomatik uğurlar hesabına qazanmışıq. Cənab Prezidentin öncədən planlaşdırdığı və proqnozlaşdırdığı strateji siyasi addımlar üstünlüklər əldə etməyimizlə nəticələnib.
Əsasən burada enerji və logistika baxımından strateji rolumuzun artması önə çıxır. Bəzi ölkələr üçün, xüsusilə Avropa ölkələri baxımından, biz enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaşlıq missiyamızı saxlamışıq.
   O cümlədən Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi, regionda və dünyada qazandığımız nüfuz beynəlxalq münasibətlərdə bizi regionda sabitliyin etibarlı tərəfdaşına çevirib. Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkəyə beynəlxalq investisiyalar üçün böyük yol açıb. Ümumilikdə, 2026-cı il qlobal risklərlə dolu olsa da, bizim qazandığımız üstünlükləri qoruyub saxlamaq üçün milli birliyimizi, xalq-dövlət birliyini, milli ideologiyamızın sağlam şəkildə həyata keçirilməsini və dövlətçilik prinsiplərinin qorunmasını təmin etmək vacibdir. Bu amil həmrəylik amilidir
   İdarəetmə sistemində, praqmatik diplomatiyada və iqtisadi şaxələndirmə sahəsində qətiyyətli addımlar atılıb. Möhtərəm Prezidentimiz bu prosesləri mükəmməl şəkildə həyata keçirir. Biz xalq olaraq, vətəndaş olaraq nəticəsi olan, uğurlu və qalib siyasi Liderin arxasında möhkəm dayanmışıq və bu etimadı, bu birliyi daha da müdrik formada inkişaf etdirməliyik.
Bu, hamımızın dövləti olan Qüdrətli Azərbaycan, şanlı Vətənimiz üçün vacib siyasi faktordur. Kimlərinsə riyakar addımlarına, heç bir əsası olmayan boşboğazlıqlarına yerində və kəskin mövqeyimizi bildirməliyik. Belə bir dövrdə ölkənin möhkəmləndirilməsi, təhlükəsizlik və yaşama strategiyası üçün qarşıya qoyulan konsepsiyanı müdafiə etmək borcunu dərk etməli, bütün varlığımızla dövlətimizin yanında olmalıyıq. İqtisadi təhlükəsizlik üçün fiskal intizam qaydalarını və maliyyə siyasətini anlayışla qarşılamalı, iqtisadiyyatımızın siyasi təzyiq alətinə çevrilməsinə imkan verməməliyik.
Bəzən dövlət elə addımlar atır ki, bu gün vətəndaş  həmin addımı bəyənməyə bilər. Lakin emosiyalara və aldadıcı çağırışlara uymadan, bu addımların xarici iqtisadi təzyiqlərə qarşı müdafiə mexanizmləri yaratdığını və gələcək illər üçün mühüm əhəmiyyət daşıdığını anlamalıyıq.
    Dəyərli soydaşlar, tam əmin olun ki, milli maraqlara zidd sanksiyalardan yayınma siyasətini həyata keçirmək indiki dövr üçün çox mürəkkəb prosesdir. Biz hələ çox uğurların və çox qələbələrin şahidi olacağıq. Bu, bizim birliyimizdən, həmrəyliyimizdən və böyüklüyümüzdən irəli gəlir. Bu dəyərlər ətrafında birləşərək xalqımıza xoşbəxt gələcəyin təminatını bəxş etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31