4 hay məhkumun həbsdən azad edilməsi etimad quruculuğuna xidmət edir- ÖZƏL

"Azərbaycanın 4 hay məhkumu Ermənistana təhvil verməsini, qonşu ölkəyə neft məhsullarının satılmasının artıq davamlı ticarət əlaqəsi xarakteri almasını, Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəsmi İrəvanın konstruktiv siyasət yeritməsi haqda son açıqlamasını orada Rusiyaya bağlı media, eləcə də siyasətçilər qarşıdakı parlament seçkisində Nikol Paşinyanın dəstəklənməsi kimi qiymətləndirirlər. Bu, bir tərəfdən qərəzli, digər tərəfdən isə bəsit yanaşmadır. Bəsitlik ondadır ki, Azərbaycanın atdığı bu addımlar Nikol Paşinyanın reytinqinin artmasına yox,  bu regionda sülhdə maraqlı olmayan dövlətlərin təsirlərinin zəifləməsinə yönəlib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: " "Güclü həm də humanist olur" prinsipindən çıxış edən Azərbaycan, həm beynəlxalq auditoriyaya, həm də hay toplumuna birincisi, bununla sülh təşəbbüsünü özü irəli sürdüyü kimi, onu sözdən, sənəddən əmələ çevirənin də məhz özü olduğunu və olacağını başa salır. Yəni bu, əslində, güc göstərmənin yumşaq metodudur. Çünki Ermənistana neft məhsullarının satılması kimi, Qarabağdakı hərbi xuntanın başında duranlardan bir çox baxımdan fərqlənən 4 hay məhkumun həbsdən azad edilməsi də təzyiq nəticəsində olmayıb. Bu, etimad quruculuğuna xidmət edən, sülh prosesini irəli aparan və onu əngəlləməyə çalışanların da əl-qolunu bağlayan addımlardır. Sadəcə, Ermənistanın kimlərdən yanacaq asılılığında olduğunu xatırlatsaq, öncəki cümlədəki fikirlərin nə dərəcədə əsaslı olduğunu isbatlamağa yəqin ki, ehtiyac qalmayacaq.
Beynəlxalq auditoriya, eləcə də hay toplumu özü də aydın görür ki, Birinci Qarabağ savaşında məhz bu regionda qarşıdurmada maraqlı olanların yaxından dəstəyi ilə üstün mövqe qazanan Ermənistan ələ keçirdiyi şəhər və kəndlərimizi darmadağın etdiyi, bizə qarşı düşmənçilik siyasətini daha da gücləndirdiyi halda, Azərbaycan tam fərqli addımlar atır. "Ermənistanın  blokadası" kimi təqdim edilən məhdudiyyətləri nəinki aradan qaldırır, ona tranzit ölkəyə çevrilmək, müstəqil siyasət yeritmək şansı yaradır, enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayır. Onlardan fərqli olaraq təkəbbürlü və aşağılayıcı davranışlara yol vermir. Yəni sözün hər anlamında böyüklüyünü göstərir.
Və bütün bunlar həm də onun üçündür ki, Ermənistandakı toplum yaxşı-yaxşı götür-qoy etsin: onlara nə və kim əl verir? Özlərindən hər baxımdan qat-qat güclü olan Azərbaycan və Türkiyə ilə düşmənçilik narrativindən çıxış edənlərmi, yoxsa reallığı düzgün qiymətləndirərək praqmatik siyasət yeritməyə üstünlük verənlərmi? Yəni burada məqsəd  bir daha vurğulayırıq, heç də hazırda məhz belə siyasət yeritdiyi təəssüratı yaradan Ermənistan hakimiyyətini dəstəkləmək deyil, sülh gündəliyinin, normallaşma prosesinin önəmliliyini, qarşılıqlı fayda və əmin-amanlıq baxımından hər iki tərəf üçün alternativsizliyini anlamayanlra da anlatmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31