TRIPP marşrutu ABŞ-Çin əlaqələrinə yeni baxış gətirir- ÖZƏL
10:20 Siyasət"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi Azərbaycanın təhlükəsizliyi prizmasından önəm kəsb edir. Zəngəzur dəhlizi ABŞ ilə Azərbaycan arasında geosiyasi əməkdaşlıq əməliyyatlarını gücləndirəcək faktor kimi çıxış edir. Ermənistanın bu məsələdə ABŞ-Azərbaycan əməkdaşlıq konturları ilə hərəkət etməkdən başqa seçimi yoxdur". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Akşin Kərimov deyib: "Azərbaycanla ABŞ arasında yenilənən əməkdaşlıq modeli dəhlizlər üzərindən strateji vizyonu yeniləməyə imkan verir. ABŞ Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsini dəstəkləməklə regional siyasətindəki düyün nöqtələrini qırmaq və irəli perspektivdə Çinlə Cənubi Qafqazda əməkdaşlıq etmək prinsiplərini nəzərdən keçirir. Bu, ABŞ-ni Cənubi Qafqaz və Mərkəzi Asiya arasındakı vahid strateji paradiqmalarının həyata keçirilməsində münbit istiqamətlər açır.
ABŞ ilə Çinin TRIPP marşrutu ilə bağlı bir-birlərinə ittiham etməkdən yan keçməsi bu məsələdə bir çox geosiyasi impulsların reallaşacağından xəbər verir. Bir-birlərinə qarşı rəqib olan hər iki güc mərkəzinin TRIPP-də əməldaşlıq perspektivi çox qiymətlidiri.
Hər iki tərəfin Trans-Xəzər Nəqliyyat Marşrutuna (Orta Dəhliz) eksklüziv əhəmiyyət verməsi kənar təsirlər üçün də güclü siqnaldır. Bu, Orta Dəhlizin vacib komponentlərindən biri olan TRIPP marşrutu üzrə ABŞ-Çin əlaqələrinə yeni baxış gətirir.
Göründüyü kimi, TRIPP marşrutu üzrə razılıqlar və bu prosesdə Azərbaycanın qərarvericiliyi Cənubi Qafqazda böyük güc rəqabətinin balansını dəyişir. Rusiya isə özünü tarazlıqda saxlamaqdan ötrü indi Azərbaycan-ABŞ razılaşmalarında iqtisadi əməliyyatlarla iştiraka can atır.
İran isə əvvəlkitək Zəngəzur dəhlizinin parametrlərinə görə Azərbaycana qarşı çıxa bilmir və prosesin istiqamətini Ermənistanı ittiham etməyə yönəldir. Bu, Azərbaycan Respublikasının regional və qlobal dəyişikliklərdən uğurla yararlanmasının meydana çıxardığı mənzərədir.
Ermənistanın üzərindəki məsuliyyət isə onun regional izolyasiyadan çıxmasını şərtləndirir. Burada ABŞ-dən də Ermənistana TRIPP marşrutunun açılmasını sürətləndirmək üçün təzyiq edə biləcəyi ehtimalı Azərbaycan üçün mühüm məqamdır. Ermənistan bu il keçiriləcək parlament seçkisi ərəfəsində böyük dövlətlər arasında rəqabətin təzyiqi altından çıxmaq kursunu izləməlidir. Bu kursu Azərbaycan və ABŞ Ermənistana təklif edərək onu qarşıdurma sərhədlərindən kənarda tutmaq istəyir. Bu cəhətdən Ermənistanın Azərbaycanla mümkün qarşıdurmaya qayıtmaq siyasəti TRIPP marşrutunun əhəmiyyəti və onun geosiyasi nəticələri fonunda çox məhdudlaşıb.
Bu, Ermənistanın regional siyasət konsepsiyasını təzələməsi üçün Azərbaycanla ABŞ-nin eyni mövqedən çıxış etməsini stimullaşdırır.
TRIPP marşrutunun icrası üçün Ağ Evdən verilən siqnalların qətiliyi eyni zamanda Ermənistanın Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqı Monitorinq Missiyasının çıxarılmasını da sürətləndirən istiqamətə daxil ola bilər. Çünki Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmaya əsasən, tərəflər öz ərazilərində üçüncü dövlətin qüvvəsini saxlamamalıdır. Bu, Azərbaycan-ABŞ əməkdaşlığı kontekstində həm Ermənistana, həm də Avropa İttifaqına mühüm xatırlatmadır".