Ağdərədən dünya arenasına: Azərbaycanın qələbə strategiyası- ÖZƏL
17:00 SiyasətPrezident İlham Əliyev Ağdərə sakinləri ilə görüşdə bildirib ki, son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə yoxdur. Dövlət başçısının sözlərinə görə, dünyada çoxsaylı müharibə və münaqişələr baş versə də, onların heç biri bu səviyyədə qəti nəticə ilə yekunlaşmayıb. Azərbaycan isə 44 günlük Vətən müharibəsində və sonrakı birgünlük antiterror tədbirləri ilə tarixi Qələbəyə imza atıb.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfəri və burada Böyük Qayıdış siyasəti çərçivəsində məcburi köçkünlərlə görüşündəki çıxışları diqqət çəkir və adətən mövcud situasiyalarla ayaqlaşır. Xüsusilə, Cənab Prezident qeyd etdiyi kimi, həqiqətən də 44 günlük Vətən müharibəsində əldə edilən qələbə regiondakı reallıqları kökündən dəyişdi. 44 günlük Vətən müharibəsinə qədər regionda bir növ status-kvo mövcud idi. Ermənistanın işğal etdiyi ərazilərdə qeyri-qanuni fəaliyyətləri var idi və separatçıların fəaliyyəti davam edirdi. Lakin buranın konkret statusu və ya danışıqlar çərçivəsində həll yollarına dair konkret yeniliklər olmurdu.
Keçmiş vasitəçi qrupların regiona səyləri, Avropa İttifaqı və Vaşinqtondakı görüşlər, eləcə də Soçidə keçirilən danışıqlar həll yolu axtarmağa yönəlmişdi, amma əslində fərqli maraq qruplarının təsiri altında status-kvonun saxlanılması kimi neqativ tendensiyalar qalırdı. Amma biz nəyə şahid olduq? Azərbaycan siyasi iradə göstərərək və cənab Prezidentin qətiyyətli addımları nəticəsində faktiki olaraq 44 günlük Vətən müharibəsini başladı. Müharinin başladığı tarix, seçilən vaxt, geosiyasi vəziyyət, hətta iqtisadi və digər incə detallar hərtərəfli hesablanmışdı.
44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatlarının başlanması və məntiqi nəticəsi regionun taleyini dəyişdi. Əgər beş il əvvəl başqa məsələlərdən danışırdıqsa, yəni hələ torpaqlarımızın işğaldan azad edilməsi prosesindən danışırdıqsa, bu gün Ermənistanla sülh prosesi, enerji satışları, infrastrukturun yenilənməsi və Tramp yolunun açılması kimi məsələlərdən danışırıq. Hətta İranda baş verən son proseslər fonunda, yerli ictimaiyyətdə böyük Azərbaycan ideologiyası geniş yayılmaqdadır. Artıq cəmiyyətin də şüuru dəyişibdir. Artıq məğlub, torpaqlarının işğaldan azad edilməyəcəyi barədə suallar üzərində müzakirələr aparan Azərbaycan cəmiyyəti yoxdur. Bu gün qüdrətli, güclü, özünə inanan və dünya siyasətində sözünü deyən bir Azərbaycan var. Burada üç əsas faktor xüsusi önəm daşıyır: Birincisi, xalqın etimadı, birliyi və güvəni. İkincisi, ordunun gücü, davamlılığı və peşəkarlığıdır. Ən önəmlisi isə güclü lider, onun apardığı uğurlu siyasət və nəticələrdir.
Bütün bunlar birləşdikdə Azərbaycanın əldə etdiyi qələbənin sirri ortaya çıxır və bu qələbədə Cənab Prezidentin payı ən önəmli rol oynayır. Yaxın tarixə baxdıqda görürük ki, birinci Qarabağ müharibəsi dövründə vəziyyət tam fərqli idi. Cənab Prezidentin 20 illik hakimiyyətinə baxdıqda nəticənin gəlib qələbəyə çatdığını və bu proseslərin ilmək -ilmək hörüldüyünü, hazırlandığını görə bilərik.
Azərbaycanın qazandığı mütləq qələbə regionun qlobal və siyasi balansına təsir edib. Bu təsir həm siyasi, həm geosiyasi, həm iqtisadi, həm diplomatik, həm də beynəlxalq əməkdaşlıq sahələrində özünü göstərir. Artıq Cənubi Qafqaz münaqişələr ocağı deyil, sabitlik, əməkdaşlıq və qlobal layihələrin mərkəzi rolunu oynayır. Azərbaycan şimaldan cənuba, şərqdən qərbə əsas enerji ticarətinin və tranzit yollarının keçdiyi bir ölkədir. Ölkəmiz yalnız neft ixrac edən bir ölkə deyil, eyni zamanda logistika və tranzit sahəsində önəmli rol oynayan regional güc statusuna yüksəlib. Azərbaycan təkcə regionun kiçik bir ölkəsi deyil, artıq regional güc və qüdrət sahibidir. Bu qüdrət yalnız özünü müdafiə və suverenliyi bərpa etməkdən deyil, həm də region ölkələri ilə əməkdaşlıq və müasir sistemlərin qurulmasında rol oynamaqdan qaynaqlanır. Qələbədən sonra Azərbaycanın real gücü beynəlxalq arenada da görünür.
Biz təəssüf ki, dünyada güclünün haqlı olduğu, öz haqq işini yerinə yetirdiyi və maraqlarına uyğun olaraq beynəlxalq hüququ əyib bükə bildiyi reallığı görürük. Azərbaycan isə bütün haqlı hüquqları olmasına baxmayaraq uzun müddət torpaqlarının işğal altında qalmasına məcbur olmuşdu. Lakin biz sonda göstərdik ki, əslində biz ilk gündən, torpaqlarımızı hərbi yolla işğaldan azad edə bilərdik, amma bunu etmədik. Çünki beynəlxalq hüquqa hörmət edirdik. Nəticədə biz yenə torpaqlarımız beynəlxalq hüquqla əldə etdik, hərbi yolla olsa da. Bu gün bir çox ölkələr beynəlxalq hüququ öz maraqlarına uyğun poza da bilir, istifadə edə bilirlər. Belə bir reallıq fonunda Azərbaycan bu proseslərə və məsələlərə öz baxışını qoruyub saxlayıb və beynəlxalq hüququn önəmini də hər zaman ön planda tutub ".
Zeynəb
Zeynəb Mustafazadə