Bakı təşəbbüsü əlində saxlayır: Humanitar addım sülh danışıqlarına necə təsir edəcək? – ÖZƏL
15:49 Siyasət"Azərbaycanın Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyanın Ermənistan tərəfinə təhvil verilməsi ilə bağlı qərarı təkcə humanitar jest kimi deyil, həm də çoxqatlı siyasi mesaj daşıyan addım kimi dəyərləndirilə bilər".
Bu fikirləri sözügedən məsələ ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, bu qərar regional proseslərin həssas mərhələsində, sülh danışıqları və normallaşma cəhdlərinin fonunda atıldığı üçün onun mənası yalnız bir aspektlə məhdudlaşmır. Təhvilvermə qərarı Ermənistan üçün də açıq siyasi mesajdır. Azərbaycan göstərir ki, normallaşma prosesində təşəbbüsü öz əlində saxlayır və danışıqlar masasında yalnız hərbi-siyasi üstünlükdən deyil, humanitar rıçaqlardan da istifadə edə bilir. Bu addım İrəvana "gərginliyi azaltmaq mümkündür" mesajını verir, eyni zamanda cavab addımlarının - itkin düşən azərbaycanlılar, mina xəritələri, kommunikasiya xətlərinin açılması kimi məsələlərdə - gözləndiyini dolayı yolla xatırladır. Yəni humanizm birtərəfli "bağışlama" aktı yox, qarşılıqlı etimad mexanizminin bir halqası kimi təqdim olunur.
Ekspert əlavə edib ki, bu kontekstdə qərarı sülh danışıqları fonunda etimad quruculuğu elementi saymaq mümkündür, lakin şərti olaraq. Etimad yalnız simvolik jestlərlə yox, ardıcıl davranışlarla formalaşır. Azərbaycanın bu addımı etimadın formalaşması üçün psixoloji zəmin yaradır, lakin prosesin real nəticələr verib-verməyəcəyi Ermənistan tərəfinin reaksiyasından və sonrakı addımlarından asılı olacaq. Əgər qarşı tərəfdən konstruktiv cavab gəlməzsə, bu jest Bakının "biz öz üzərimizə düşəni etdik" arqumentini gücləndirəcək.
"Beynəlxalq müstəvidə isə bu qərar Azərbaycanın imicinə əsasən müsbət təsir göstərəcək. Qərb paytaxtları, beynəlxalq təşkilatlar və insan haqları gündəmini ön planda saxlayan dairələr üçün bu addım Azərbaycanın "sərt güc"dən sonra "yumşaq güc" alətlərinə də sahib olduğunu nümayiş etdirir. Müharibədən qalib çıxmış tərəfin humanitar jest etməsi beynəlxalq narrativdə daha güclü rezonans doğurur, çünki bu, gücdən doğan arxayınlıq və özünəinam kimi qəbul edilir. Eyni zamanda Bakı öz mövqeyini möhkəmləndirir: Azərbaycan hüquqi əsasla mühakimə edib, sonra isə siyasi iradə ilə humanitar qərar verib",- deyə siyasi şərhçi vurğulayıb.
Ekspertin fikrincə, bu təhvilvermə qərarı Azərbaycan-Ermənistan münasibətlərində "humanitar pauza" effekti yaradan, sülh prosesində psixoloji baryerləri qismən yumşaldan siyasi jestdir. O, nə münaqişənin bütün problemlərini həll edir, nə də avtomatik etimad yaradır, lakin Bakının regionda məsuliyyətli və rasional aktor kimi çıxış etmək istədiyini açıq şəkildə nümayiş etdirir. Bu mesajın real siyasi dividendlərə çevrilib-çevrilməyəcəyi isə qarşıdakı mərhələdə atılacaq qarşılıqlı addımlardan asılı olacaq.
Lamiyə Cəbrayılova