"Günahsız insanlar vuruldu, amma millət qorxmadı"-20 Yanvar hadisələri- ÖZƏL
15:30 Siyasət20 Yanvar faciəsi Azərbaycanın müasir tarixinə həm böyük bir kədər, həm də milli dirçəliş günü kimi həkk olunub. 1990-cı ilin yanvarında baş verən bu hadisələr sadəcə bir xalqın dinc nümayişinin yatırılması deyil, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması və imperiya ambisiyalarının qanlı təzahürü idi.
Bu hadisənin canlı şahidlərindən, siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət Olaylar.az-a açıqlama verib:
" Hər şeydən əvvəl onu xüsusi vurğulamaq istərdim ki, mən 20 yanvar 1990-cı il hadisələrinin fəal iştirakçılarından biriyəm. Yəni hadisələrin içində olmuşam, hər şeyi gözümlə görmüşəm. O böyük hərəkatın bir parçası olmuşam. Ona görə də bəzən bəzi adamların 20 yanvarla bağlı uydurduqları yalanlar mənim kimi insanları üzür. Xüsusən də guya bizim silahlı olmağımız, guya rus əsgərlərini öldürməyimiz və digər uydurmalar bizim gördüklərimizlə tərs düşür. Çünki şəxsən özüm Salyan kazarmaları deyilən ərazidə ayın 17-i, 18-i və 19-dan 20-nə keçən o məşum gecə orda olmuşam, dostlarımızla bir yerdə patrul xidməti göstərmişəm, təbii ki bu qeyri-rəsmi idi, tələbə gənclər olaraq. Yəni 20 yanvarı öz gözlərimlə görmüşəm-şəhidlərin dəfnində və sonrakı mərhələlərdə də həmçinin. Aradan illər keçəndən sonra düşündüm ki, bunları kitab halında çap etdirim ki, gələcək nəsillər üçün qalsın. 2016-cı ildə "Mən tanıqlıq edirəm" adlı bir roman yazdım. Amma sənədli romandır, sadəcə bədii dildə yazdım, ona görə də bədii ədəbiyyat nümunəsi kimi təqdim edirəm. Mən həmişə inanmışam, bu gün də inanıram ki, 20 yanvar müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Həmin gün biz millət olaraq əliyalın şəkildə işğalçı rus tanklarının üzərinə şığıdıq, onlar bizim üzərimizə ağır silahlarla, ağır texnika ilə gəldilər, günahsız insanlara atəş açdılar, hətta evin içində oturan insanlara belə təsadüfi atəşlər açıldı, eyvanlarda insanlar vuruldu, xəstəxanalara hücumlar edildi, təcili yardım maşınlarına, ictimai nəqliyyata hücumlar edildi, insanlar öldürüldü. Amma bütün bunlar bizi millət olaraq qorxutmadı , əksinə biz daha da möhkəmləndik, daha qərarlı olduq və milli azadlıq yolunda bir addım belə geri atmadıq. Moskvanın-Rusiyanın məqsədi bizi bu yolla qorxutmaq, yolumuzdan çəkindirmək idi. Amma buna nail ola bilmədilər".
İbrahim Məmmədli