Siyasi iradə və strateji təmkin: Azərbaycanın tam suverenlik düsturu – ÖZƏL

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Ağdərə sakinləri ilə görüşdə səsləndirdiyi fikirlərin təsadüfi vurğu olmadığı şübhəsizdir. Burada, ilk növbədə, çağdaş beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən bir presedentin - tam və mütləq Qələbənin siyasi-fəlsəfi izahından söhbət gedir".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, dövlət başçısının haqlı olaraq vurğuladığı kimi, son onilliklərdə Yer üzündə çoxsaylı savaşlar baş versə də, onların çoxu ya "dondurulmuş" halda qalıb, ya da yarımçıq siyasi razılaşmalar fonunda hələ də davam etməkdədir. Şanlı Azərbaycan isə bu uğursuzluq zəncirinin həlqələrini qıran ölkə kimi tarixə düşüb. Azərbaycanın qazandığı Zəfər bölgədə illərlə mövcud olmuş "status-kvo" siyasətini tamamilə dağıtdı. Bizim Zəfər göstərdi ki, beynəlxalq hüquq yalnız gerçək siyasi iradə və güc dəngəsi ilə təmin olunanda işlək mexanizmə çevrilir. Sonuclar isə göz önündədir:
- Güney Qafqazda güc dəngəsi köklü şəkildə dəyişdi;
- "vasitəçi mərkəzli" idarəetmə modelləri sıradan çıxdı;
- bölgədəki proseslərin əsas subyekti kimi Azərbaycan faktoru ön plana keçdi.

"Bu Qələbə qlobal miqyasda da önəmli ismarıclar verdi: çağdaş dünyada savaş və anlaşmazlıqları uzatmağa ehtiyac yoxdur, onlar ədalətli və qəti şəkildə çözülə bilər. Söhbət beynəlxalq münasibətlər sistemində nadir və diqqətlə öyrənilən bir presedentdən gedir. Tam və mütləq Qələbə savaşdan sonrakı mərhələdə Azərbaycanın beynəlxalq mövqelərini keyfiyyətcə yeni səviyyəyə yüksəltdi. Gəlin əsas strateji üstünlükləri sıralamağa çalışaq: Birincisi, siyasi suverenliyin tam bərpasıdır. Azərbaycan artıq öz ərazi bütövlüyü ilə bağlı heç bir müzakirə predmetinə açıq deyil. Bu, diplomatiyada son dərəcə önəmli üstünlükdür. İkincisi, beynəlxalq güvənin artmasıdır. Qələbəmiz sübut etdi ki, Azərbaycan verdiyi qərarları icra edə bilən, məsuliyyətli və ardıcıl dövlətdir. Bu, ölkəmizi güvənli və sözü ötgün tərəfdaş kimi möhkəmləndirdi. Üçüncüsü, bölgəmiz üzrə yeni layihələr baxımından liderlik mövqeyidir. 
Zəfərdən sonra yükdaşıma, enerji və kommunikasiya layihələrində Azərbaycanın təşəbbüskar və aparıcı rolu daha da gücləndi. Dördüncüsü, təhlükəsizlik arxitekturunun dəyişməsidir. Bölgədə təhlükəsizlik artıq Azərbaycanın yaratdığı gerçəkliklər əsasında formalaşır. Nəhayət, beşincisi, milli güc modelinin təsdiqidir. Lider-xalq-ordu birliyinə söykənən Azərbaycan modeli çağdaş dönəmdə milli dövlətin necə qalib gələ biləcəyini nümayiş etdirdi", - deyə yazar vurğulayıb.

Türkoloq qeyd edib ki, Azərbaycanın 44 günlük savaş və üç il sonrakı birgünlük antiterror tədbirləri ilə əldə etdiyi Qələbənin yalnız hərbi uğur olmadığı Gün kimi aydındır. Bu, siyasi iradənin, hüquqi legitimliyin və strateji təmkinin universal sintezindən doğan tarixi nəticədir. Məhz buna görə Prezident İlham Əliyevin vurğuladığı kimi, son 80 ildə bu miqyasda tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb.
Qələbəmiz Azərbaycanımızı bölgədəki və qlobal gerçəkliklərin müəllifi kimi tarix səhnəsinə çıxarıb.

Dövlətimiz zaval görməsin,
bayrağımız həmişə uca olsun!

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31