Humanitar qərar, siyasi mesaj: Bakının Ermənistan addımı nəyi göstərir?- ÖZƏL
14:29 SiyasətAzərbaycan cəza çəkən Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyanı Həkəri çayı üzərindəki körpüdə Ermənistan tərəfinə təhvil verib. Rəsmi Bakı bu addımı ikitərəfli razılaşma və humanizm prinsipləri əsasında atıb. Ən çox müzakirə olunan şəxs Meşəli hadisələrində iştiraka görə məhkum edilmiş, ağır ürək xəstəliyindən əziyyət çəkən 70 yaşlı Vaqif Xaçaturyandır. Onun səhhətinin kəskin pisləşməsi humanist qərarın əsas səbəblərindən biri kimi göstərilir.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Vaqif Xaçaturyan da daxil olmaqla 4 erməni cinayətkarının Ermənistana verilməsi bir neçə səbəblə əlaqədardır. İlk növbədə, Azərbaycan bu şəxslərin yaşını və səhhətini nəzərə alaraq humanist bir addım atdı və onların Ermənistana qayıtmasını təmin etdi. Bu, eyni zamanda Azərbaycanın humanist dövlət siyasəti həyata keçirdiyini və paralel olaraq Cənubi Qafqazda sülh prosesini irəli aparmaq niyyətini göstərir. Bu addım tərəflər arasında sülh müqaviləsi imzalanana qədər etimad mühitinin formalaşması və möhkəmləndirilməsinə təkan verən bir addım kimi dəyərləndirilməlidir. Nəzərə alsaq ki, humanitar addımlar, xüsusilə də beynəlxalq aləmdə daha çox rezonans doğurur, hesab edirəm ki, Azərbaycanın bu qərarı müsbət qarşılanacaq. Qeyd etmək lazımdır ki, bu addım ABŞ-da Marko Rubio və Mirzoyan arasında TRIPP, yəni Zəngəzur dəhlizinin icrası ilə bağlı memorandumun imzalanması ilə eyni vaxta təsadüf etdi. Bu isə öz növbəsində Vaşinqtonda 8 avqustda imzalanmış memorandumun həyata keçirilməsi ilə bağlı tərəflərin götürdüyü öhdəliklərə və verdiyi vədlərə uyğun olaraq addım atdığını göstərir".
Zeynəb Mustafazadə