Bəhruz Quliyev: "20 Yanvar milli şüurumuzun qəhrəmanlıq zirvəsidir" – ÖZƏL

"20 Yanvar faciəsi Azərbaycanın müasir tarixində təkcə qanlı bir səhifə deyil, həm də milli şüurun oyanışı, azadlıq iradəsinin sarsılmazlığının sübutu və xalqımızın qəhrəmanlıq salnaməsidir. 1990-cı ilin yanvarında sovet imperiyasının Bakıda və respublikanın bir sıra bölgələrində həyata keçirdiyi hərbi müdaxilə mahiyyət etibarilə dinc əhaliyə qarşı yönəlmiş dövlət terroru idi. Bu, nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan əsaslandırıla bilməzdi.
Həmin gecə Sovet Ordusunun ağır texnika ilə şəhərə yeridilməsi, fövqəladə vəziyyət elan olunmadan insanların gülləbaran edilməsi beynəlxalq hüququn, xüsusən də insan hüquqlarına dair fundamental prinsiplərin açıq şəkildə pozulması idi. Dinc əhaliyə atəş açılması, qadınların, uşaqların, yaşlıların qətlə yetirilməsi imperiya düşüncəsinin son, amma ən qəddar təzahürü oldu".

Bu fikirləri Səs qəzetinin baş redaktoru siyasi ekspert və 20 Yanvar faciəsinin canlı şahidi Bəhruz Quliyev deyib. Siyasi şərhçi qeyd edib ki bu, mərkəzin Milli Azadlıq Hərəkatını boğmaq cəhdi idi, lakin nəticə etibarilə tam əks effekt verdi: "Mən 20 Yanvar hadisələrinin canlı şahidi kimi deyə bilərəm ki, həmin günlərdə Bakının küçələrində təkcə qan yox, həm də qorxu üzərində qələbə qazanan bir xalqın iradəsi vardı. İnsanlar artıq anlayırdı ki, bu imperiya ilə birgə yaşamaq mümkün deyil. 20 Yanvar Azərbaycan xalqının müstəqillik yolunda ödədiyi ən ağır, amma ən şərəfli bədəllərdən biri oldu.
Hadisənin siyasi-hüquqi qiyməti illər sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verildi və 20 Yanvar faciəsi dövlət səviyyəsində insanlığa qarşı cinayət kimi tanındı. Bu, həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillər üçün mühüm siyasi dərs idi ki, güc və zorakılıqla xalqın iradəsini sındırmaq mümkün deyil".

Ekspert qeyd edib ki, bu gün müasir geosiyasi proseslər fonunda 20 Yanvar hadisələrinə yenidən baxmaq xüsusi əhəmiyyət daşıyır. Böyük güclərin regional maraqları naminə beynəlxalq hüququ tapdalaması, suveren dövlətlərə təzyiq mexanizmləri tətbiq etməsi hələ də davam edir. 1990-cı ilin yanvarında Bakıda baş verənlər bizə göstərdi ki, müstəqillik kağız üzərində deyil, real siyasi iradə və milli birlik hesabına qorunur.

"20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı. Məhz o faciənin içindən müstəqil Azərbaycan dövləti doğuldu. Bu gün güclü ordusu, müstəqil siyasəti və regional söz sahibi olan Azərbaycan 20 Yanvarın verdiyi tarixi dərsi unutmayaraq yoluna davam edir. Bu faciəni anmaq kədərdən daha çox dövlətimizi, müstəqilliyimizi və milli iradəmizi qorumaq məsuliyyətidir", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31