Qrenlandiya üzərindən keçən yol NATO-nu parçalaya bilərmi?- ÖZƏL

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib ki, ABŞ-ın Qrenlandiyaya mümkün hücumu NATO-nun sonu demək ola bilər. Onun sözlərinə görə, Danimarka son 20 ildə  ABŞ-dan Qrenlandiyada hərbi mövcudluğun artırılması ilə bağlı heç bir rəsmi müraciət almayıb. Rasmussen vurğulayıb ki, Danimarka ABŞ-ın Çin və Rusiyanın Arktikadakı fəaliyyəti ilə bağlı təhlükəsizlik narahatlıqlarını anlayır, lakin bu, ölkənin ərazi bütövlüyü və Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququ hesabına baş verməməlidir.
ABŞ-ın Qrenlandiya ilə bağlı sərt mövqeyi NATO daxilində etimad böhranına səbəb ola bilərmi və bu alyansın gələcəyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib: 
" ABŞ-ın Qrenlandiya ilə bağlı ritorikasının sərtləşməsi NATO-nun daxili siyasi balansına birbaşa təsir göstərir, çünki alyans yalnız hərbi blok deyil, həm də qarşılıqlı etimad üzərində qurulmuş siyasi mexanizmdir. Danimarka kimi üzv dövlətin ərazi bütövlüyü ilə bağlı açıq narahatlıq ifadə etməsi göstərir ki, məsələ artıq ikitərəfli mübahisə çərçivəsindən çıxaraq alyansın legitimliyinə toxunur. Belə bir vəziyyət digər NATO ölkələrində də oxşar təhlükəsizlik qorxuları yarada və Vaşinqtonun niyyətləri ilə bağlı sualların artmasına səbəb ola bilər.
Strateji baxımdan Qrenlandiya Arktikada hərbi və nəqliyyat marşrutlarına nəzarət üçün mühüm mövqedir və ABŞ-ın bu regionda mövcudluğunu gücləndirmək istəyi geosiyasi rəqabətin bir hissəsidir. Lakin bu məqsədlərin müttəfiqin suverenliyi hesabına irəli sürülməsi  NATO-nun əsas prinsiplərinə ziddir və alyans daxilində hüquqi-siyasi ziddiyyətlər yarada bilər. Nəticədə NATO-nun kollektiv müdafiə mexanizminə olan inam zəifləyə, qərarvermə prosesləri daha çox bloklana və alyansın xarici təzyiqlərə qarşı reaksiyası gecikə bilər.
Bu kontekstdə Qrenlandiya ətrafında yaranan gərginlik  NATO üçün yalnız regional məsələ deyil, alyansın gələcəkdə nə qədər vahid və proqnozlaşdırıla bilən qalacağının da göstəricisinə çevrilir. ABŞ-la Avropa müttəfiqləri arasında yaranacaq hər hansı uzunmüddətli etimad böhranı NATO-nun qlobal təhlükəsizlik sistemindəki rolunu zəiflədə və onun çəkindirici gücünü azalda bilər. Yəni məsələ təkcə Arktika ilə deyil, NATO-nun siyasi dayanıqlılığı və strateji bütövlüyü ilə bağlıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31