Pəhləvinin liderlik imtahanı: Netanyahu layihəsi, yoxsa xalqın seçimi? – ÖZƏL
13:16 SiyasətABŞ prezidenti Donald Tramp İranın sonuncu şahı Rza Pəhləvinin böyük oğlunun ölkədə real siyasi dəstək qazanıb-qazanmayacağını demək üçün hələ tez olduğunu bildirib. O, Pəhləvinin lider kimi İranda qəbul ediləcəyinə dair qeyri-müəyyənliyin mövcud olduğunu vurğulayıb və mümkün hakimiyyət dəyişikliyinin maraqlı proseslərə yol aça biləcəyini qeyd edib.
Maraqlıdır, Rza Pəhləvinin İranda siyasi lider kimi qəbul olunması üçün real ictimai və siyasi zəmin varmı?
"Donald Tramp bu fikirləri səsləndirərkən təkcə şəxsi mövqeyinə əsaslanmır. İran məsələsində, xüsusilə də İrandakı sosial baza ilə bağlı proseslər uzun müddətdir ki, ABŞ-nin xüsusi xidmət orqanları tərəfindən araşdırılır və təhlil olunur. Şübhəsiz ki, Amerika xüsusi xidmət orqanları Prezident Trampa Rza Pəhləvinin İrandakı real nüfuzu barədə geniş məlumatlar təqdim edirlər. Trampın da bu məlumatlara əsaslanaraq danışdığı aydındır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Rza Pəhləvinin İranda ciddi sosial bazası yoxdur. O, ölkə miqyasında lider kimi qəbul edilmir. Bəli, müəyyən fars qrupları arasında onu dəstəkləyənlər ola bilər, lakin İran yalnız farslardan ibarət deyil. Son illərdə baş verən hadisələr bunu açıq şəkildə göstərdi. Xüsusilə 28 dekabrdan başlayan və 7-11 yanvar tarixlərində kulminasiya nöqtəsinə çatan etiraz aksiyalarında Cənubi azərbaycanlıların fəal iştirak etməməsi diqqət çəkdi. Bunun əsas səbəblərindən biri isə bu proseslərdə Pəhləvinin adının hallanması idi.
Tarixi faktlar məlumdur: Rza Pəhləvinin atası 1946-cı ildə otuz min azərbaycanlıya qarşı ciddi repressiyalar həyata keçirib. Rza Pəhləvinin özünün də İranda yaşayan türk toplumuna müsbət münasibət bəsləmədiyi hər kəsə bəllidir. Bu baxımdan onun Cənubi azərbaycanlılar tərəfindən lider kimi qəbul olunmaması təbiidir.
"ABŞ kimi böyük bir dövlət də yaxşı anlayır ki, İranda farslardan sonra ikinci ən böyük etnik qrup olan azərbaycanlıların mövqeyi nəzərə alınmadan ölkədə hər hansı ciddi siyasi dəyişiklik baş verə bilməz. Tarix göstərir ki, azərbaycanlıların iştirakı olmadan İranda real hakimiyyət dəyişikliyi mümkün deyil. Bu səbəbdən Trampın Rza Pəhləviyə verdiyi qiymət tamamilə məntiqlidir və Pəhləvinin İranda siyasi liderə çevrilməsi real görünmür. Rza Pəhləvi daha çox İsrail və yəhudi lobbiləri tərəfindən dəstəklənən bir layihə kimi çıxış edir. Bu fakt gizli deyil. Onun hakimiyyətə qaytarılması ideyası əsasən Netanyahu planlarının tərkib hissəsi kimi qiymətləndirilir. Pəhləvinin son video müraciətinə diqqət yetirsək, açıq şəkildə görərik ki, o, İsrail ilə münasibətlərin normallaşdırılmasını, hətta İbrahim sazişlərinə qoşulmağı vəd edir. Bu isə ABŞ və bəzi Avropa dairələrinin ona dəstək verməsinin əsas səbəblərindən biridir. Lakin Pəhləvi anlamalıdır ki, azərbaycanlılar olmadan İranda heç kim hakimiyyətə gələ bilməz. Təxminən 30 milyonluq azərbaycanlı əhalinin Pəhləviyə qarşı olması bu prosesi faktiki olaraq mümkünsüz edir. Hazırkı mərhələdə ABŞ də anlayır ki, əgər İran elitası daxilində - xüsusilə Ali Dini Şura, SEPAH və ya təhlükəsizlik strukturları arasında parçalanma baş verməzsə, hakimiyyət dəyişikliyi olduqca çətin olacaq. Hələlik isə belə bir parçalanma müşahidə olunmur. Bəli, sistem zədələnib, ciddi təzyiq altındadır, lakin bu, avtomatik olaraq rejimin süqutu demək deyil", - deyə ekspert əlavə edib.
Ş. Ağayev qeyd edib ki, ən rasional yol İranda islahatların aparılması, xalq tərəfindən seçilən prezidentə daha geniş səlahiyyətlərin verilməsi və sistemin tədricən təkmilləşdirilməsidir. Xarici hərbi müdaxilə isə əks effekt verə bilər. Bombardmanlar cəmiyyəti mövcud rejim ətrafında daha sıx birləşdirə və "xarici düşmən" amilini gücləndirə bilər. Pəhləvi isə bu gücə malik deyil ki, bütün İranı birləşdirsin. Xüsusilə də milyonlarla azərbaycanlının ona qarşı olduğu bir şəraitdə bu mümkün deyil.
"Gələcək ssenarilərin necə inkişaf edəcəyi yaxın günlərdə məlum olacaq. Əgər ABŞ və ya İsrail tərəfindən İrana qarşı hərbi addımlar atılarsa, proseslərin istiqaməti yalnız həmin hadisələrdən sonra daha aydın görünəcək. Hazırkı mərhələdə isə İranda baş verən proseslərə qəti qiymət vermək olduqca çətindir. Üstəlik, Donald Trampın qərarlarını proqnozlaşdırmaq da asan deyil - o, bir gün dediyinin tam əksini növbəti gün edə bilər. Amma bir məsələ aydındır: Rza Pəhləvinin lider kimi İrana qaytarılması və ölkənin idarəçiliyinə gətirilməsi real və mümkün ssenari deyil", - deyə ekspert sonda vurğulayıb.
Lamiyə Cəbrayılova