"Məni daş-qalaq etsələr də gülümsəyəcəyəm” – Azərbaycandan Ermənistana təhvil verilən Sujyandan qalmaqallı paylaşım

Azərbaycanın yanvarın 14-də Ermənistana təhvil verdiyi erməniəsilli Gevorq Sujyan sosial şəbəkədə diqqət çəkən paylaşım edib.

Musavat.com xəbər verir ki, o, ölkəsində ona qarşı münasibətin birmənalı olmadığını etiraf edərək tənqid və təzyiqlərlə üzləşə biləcəyini yazıb.

Sujyan paylaşımında qeyd edib ki, ona qarşı dedi-qodu edənlər, bədxahlar və hətta "daş atanlar" tapıla bilər. Bununla belə, o, bütün bunlara sevgi və yaxşılıqla cavab verəcəyini bildirib: "Bəlkə də dedi-qodu edənlər və bədxahlar tapılacaq, mənə daş atacaqlar, amma mən onların şərinə yaxşılıqla, sevgi ilə cavab verəcəyəm, hətta buna layiq olmasalar belə".

O, tənqidçilərin qaralama kampaniyalarına da eyham vuraraq bildirib ki, onlara cavab vermək əvəzinə "atılan daşlardan gözəl abidələr inşa edəcək". Sujyanın sözlərinə görə, hətta onu "dəli" adlandırsalar belə, müdrik təbəssümlə gülümsəməyə davam edəcək: "Çünki bilin ki, dünyanı irəli aparan məhz dəlilərdir".

Xatırladaq ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslər - Gevorq Sujyan, David Davtyan, Viqen Euljekjyan və Vaqif Xaçaturyan dünən Ermənistana təhvil verilib. Bu proses Azərbaycanla Ermənistan arasında formalaşan sülh mühitinin əməli nəticəsi kimi həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31