İranda ən ideal variant molla rejiminin ləğv olunmasıdır -Özəl
15 Yanvar 11:01 Siyasət"İranda rejim iqtisadi məsələlərdə yol verdiyi kobud səhvləri etirazlara münasibətdə də davam etdirdi və qəddarlığa yol verərək vətəndaşına atəş açdı. Belə rejimlər çox yaşamayıb və sonları da faciəvi olub". Bunu "Olaylar"a açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib: "Ən ideal variant Pezeşkianın prezident kimi qalması, molla rejiminin ləğv olunmasıdır. Bu halda İran dövlətinin unitar dövlət kimi (bütöv) qalma ehtimalı yüksəkdir. Tramp rejim dəyişikliyindən dərhal sonra İranda stabilliyin bərpa olunması və neftin dünya bazarlarına çıxarılması tərəfdarıdır. Pəhləvilərin hakimiyyətə gətirilməsi isə İranda parçalanma və uzun müddət xaos və mərkəzdənqaçma meyllərinin olacağı ehtimalını artırır. Artıq mediaya məlumatlar sızdı ki, Trampın xüsusi nümayəndəsi Uitkoff bazar günü Pəhləvi ilə gizli görüşüb".
Onun sözlərin görə, Pəhləvilərin hakimiyyətə qayıtmaq istəyi nə əxlaqi, nə də hüquqi cəhətdən doğru deyil: "Çünki, onlar da güllə ataraq özlərinin yüzlərlə vətəndaşının qanını tökmüşdülər. O zamankı İran şahı Rza şah Pəhləvi 1978-ci ildə xalqın etirazları zamanı qəddarlıq və amansızlıqlara yol vermiş və ən qanlı gün isə 1978-ci ilin 8 sentyabrında sonradan "Qara Cümə" adlandırılmış gün baş vermişdi. Şahın əmri ilə yüzlərlə iranlı etirazçı meydanlarda öldürülmüşdü. Ümumiyyətlə şahın hakimiyyəti dövründə və 1978-1979-cu il etirazları zamanı öldürülən iranlıların sayı minlərlə, bəzi mənbələrə görə on minlərlə ölçülür.
1970-ci illərdə uzun müddət Türkiyənin ən çox oxunan satirik jurnalı olmuş "Gırgır" jurnalında belə bir karikatura dərc olunmuşdu. Fars şovinisti olan Şah daha çox digər xalqlara qarşı açıq-aşkar amansız olmuşdu. Bu ailədən olan bir şəxsin yenidən hakimyyətə gətirilməsi İranda heç bir məsələni həll etməz və əksinə, ciddi siyasi mənfi nəticələri olar. Rza şah 1970-ci illərin əvvəllərində OPEC ölkələri arasında ciddi nüfuza malik idi. 1973-cü illərdə o da neft sənayesini milliləşdirmiş, sonra isə hasilatın azaldılması ilə neft qiymətlərinin kəskin bahalaşmasına səbəb olmuş, nəticədə ABŞ öz tarixinin ən böyük böhranlarından birini, o cümlədən staqflyasiyanı yaşamışdır. Xatırlayaq ki, Venesuela da 1976-cı illərdə neft sənayesini milliləşdirərək ABŞ şirkətinin investisiyalarını müsadirə etmişdi (Venesueladakı hadisələrlə bağlı öncəki yazımda əks etdirmişdim). SSRİ-nin təhriki və dəstəyi ilə baş verən bu neft qiymətləri artışı SSRİ-nin 1979-cu ildə Əfqanıstana qoşun yeritməsi (baha neft erasından sonra Rusiyanın 2014-cü ildə Krıma və 2022-ci ildə Ukraynanın özünə qoşun yeridir) qoşun yeritməsi, 1986-cı ildə neft qiymətlərinin kəskin enişi ilə nəticələndi. 1970-ci illərin yüksək və ABŞ-də böhran yaradan neft qiymətləri ABŞ-ı sarsıda bilmədi, nəticədə ABŞ 1980-ci illərdə neft qiymətlərini çökdürməklə SSRİ-ni çökdürdü. Yəni, cavab artıqlaması ilə verilmiş oldu. Bu işdə günahkar olan İran 1979-cu ildə İslam İnqilabı və indiyə qədər davam edən embarqolarla ağır bədəllər ödədi. SSRİ isə dağıldı. Venesuela da bədəlini ödədi. Kuba növbədədir. Əslində adı çəkilən dövlətlər də səhnə önündə olan icraçılardır. Neft qiymətləri müharibəsi 2 böyük gücün arasında baş verir. Ad çəkməyə ehtiyac qalmadı. Yəqin ki, bildiniz. Səbəbləri isə dərindir və tarixi 19-cu əsrin sonlarına qədər uzanır".
Ekspert bildirib ki, indi tarix təkrarlanır: "Eyni hadisələr 2000-ci illərdə baş verdi. Yüksək neft qiymətləri ABŞ-da 2008-ci ildə baş vermiş ipoteka böhranı zamanı da ABŞ üçün ciddi problemlər formalaşdırırdı. Yəni, ipoteka böhranının nəticələrini aradan qaldırmağa mane olurdu. Ardınca 2014-cü il Krıma müdaxilə, 2014-cü ilin iyun ayının 30-dan neft qiymətlərinin çökməsi, ucuz neft dövrü, ardınca Rusiya-Ukrayna müharibəsi. Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiya Ukraynanın 20%-ni və Krımı işğal etdi. Nəticədə Avropa bazarları daxil olmaqla demək olar ki, bazarlarının 90%-ni, o cümlədən Suriya, Venesuela, Liviya, bir sıra Afrika və MDB ölkələrini itirdi. Hansı ölkələrdə hansı dəyişikliklərin baş verəcəyi və hadisələrin gedişatına gəlincə. Bundan sonra nə olacaqlarını əslində proqnozlaşdırmaq açığı kəhanət, fala baxmaq deyil, hadisələrin məntiqi ardıcıllığını anlaya bilməkdir. Sadəcə təsəvvür etmək xoş deyil".
Alim