Rus evləri: Bağlanan qapılar yenidən döyülür – Azərbaycan nə qərar verəcək? – ÖZƏL
16:51 Siyasət"Bu gün Rus evləri Azərbaycan üçün əslində strateji mövqe daşıyır. Burada bir neçə mərhələ və məqsəd nəzərdə tutulur. Bir tərəfdən Rus dilinin həmin ölkədə qorunub saxlanılması məsələsi var, digər tərəfdən isə yeni narrativlərin formalaşdırılması, gənclərlə iş aparılması və müəyyən ideoloji təsirlərin hələ də saxlanılması məqsədi güdülür. Eyni zamanda, siyasi baxımdan Rusiyanın təsir gücünün həmin məkanda qalması, bərpa olunması və yenidən möhkəmləndirilməsi də bu strategiyanın tərkib hissəsidir".
Bu fikirləri sözügedən məsələ ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, bütün bunlar nəzarət mexanizmlərinin mövcudluğunu göstərir. Bu fəaliyyətlərin hər biri Azərbaycanda gedən proseslərin müəyyən çərçivədə saxlanılmasına xidmət edir və təbii ki, burada kəşfiyyat və məlumat ötürülməsi amili də mövcuddur.
Digər tərəfdən, Rus evlərinin bugünkü fəaliyyəti təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə dayandırılıb. Ancaq Rusiya çox yaxşı başa düşür ki, bu qurumların tam bağlanması Rusiya ilə həmin dövlətlər arasında dərin uçurumun yaranmasına səbəb ola bilər. Məhz buna görə də bu məsələ hazırda daha geniş müzakirə olunur və Rus evlərinin yenidən fəaliyyətə başlaması üçün yollar axtarılır.
Ekspertin fikrincə, burada Primakovun verdiyi mesajlar da diqqət çəkir. Rusiyanın Azərbaycana qarşı müəyyən addımlar atması vacib məqam kimi ortaya çıxır. Çünki Azərbaycan Qazaxıstanda baş verən təyyarə hadisəsi ilə bağlı hələ də tam cavab ala bilməyib və bu məsələ Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaradıb.
Putin və İlham Əliyev arasında görüşlər baş tutub, bu mövzular müzakirə olunub. Hətta Rusiya tərəfi müəyyən mənada üzrxahlıq ifadə edib. Ancaq bu, Azərbaycanın tam şəkildə qane olması demək deyil. Ən azından münasibətlərin orta səviyyədə bərpa olunması üçün Rusiya tərəfindən konkret addımlar atılmalıdır. Buraya kompensasiyaların ödənilməsi, həlak olan insanların ailələrinə maddi ödənişlərin verilməsi, hadisə ilə bağlı düzgün araşdırmaların aparılması və şəffaf məlumatların təqdim olunması daxildir.
Artıq məlumdur ki, Azərbaycan təyyarəsi Rusiya tərəfindən vurulub və bu baxımdan Rusiya Azərbaycan xalqı qarşısında geniş miqyasda üzrxahlıq borcludur. Buna baxmayaraq, Rus evlərinin fəaliyyəti Azərbaycanda dayandırılsa da, bu, ruslarla münasibətlərin tam pozulması anlamına gəlmir. Rusiya və Azərbaycan yaxın qonşu dövlətlərdir və onların münasibətləri tamamilə qopacaq səviyyədə deyil. Məhz bu kontekstdə yaranmış fürsətdən istifadə edərək Rus evlərinin yenidən bərpası və açılması ilə bağlı Azərbaycana təkliflər irəli sürülür. Azərbaycan tərəfi bu məsələyə baxacaq, müzakirə edəcək və yenidən açılıb-açılmaması ilə bağlı qərar verəcək.
"Bu prosesdə Azərbaycanın öz şərtləri və tələbləri olacaq. Ola bilər ki, Rus evlərinin yenidən açılmasına icazə verilsin, lakin bu, sırf siyasi məqsədlərlə deyil. Daha çox mədəni müstəvidə, mədəniyyət və humanitar əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsi əsas şərt kimi irəli sürülə bilər. Siyasi motivlərin qarşısını almaq üçün isə Azərbaycan bu qurumlar üzərində ciddi nəzarət mexanizmləri tətbiq edəcək. Bu nəzarət məsələsi Rus evlərinin fəaliyyəti baxımından həlledici əhəmiyyət daşıyacaq", - deyə siyasi şərhçi vurğulayıb.
Lamiyə Cəbrayılova