Ağdərə nümunəsi: Qarabağda suverenlikdən davamlı inkişafa gedən yol- ÖZƏL 

Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub. Plana əsasən şəhərin ərazisi genişləndirilərək 522 hektara çatdırılacaq, 20 illik perspektivdə əhali sayı 14 min nəfər proqnozlaşdırılır. Ağdərədə yaşayış və ictimai-işgüzar zonalar, parklar, bulvar, aqroturizm, sənaye və logistika sahələrinin yaradılması nəzərdə tutulur. Birinci mərhələdə 104 hektarlıq şəhər mərkəzi inkişaf etdiriləcək, məktəblər, uşaq bağçaları, xəstəxana və peşə məktəbi inşa olunacaq. 
Ağdərə şəhərinin Baş planı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və reinteqrasiya siyasətində hansı siyasi və strateji mesajları ehtiva edir? Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
"Digər yerlər kimi, Ağdərə şəhərinin də Baş planının hazırlanması 
onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə kifayətlənməyib, eyni zamanda, bu ərazilər üzərində inzibati nəzarəti də tam şəkildə təmin edib. Bu yanaşma göstərir ki, Azərbaycan həmin əraziləri işğalçı Ermənistan kimi müvəqqəti idarə olunan zonalar deyil, insanların daimi yaşayış məkanları kimi görür və onları ölkənin ayrılmaz bir hissəsi olaraq planlaşdırır. Bu addım həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə açıq mesajdır ki, əhalinin geri qayıdışı və bu ərazilərin ölkə həyatına inteqrasiyası dövlətin əsas prioritetlərindəndir. "Böyük Qayıdış" konsepsiyasının real icrası çərçivəsində həyata keçirilən bərpa siyasəti təkcə infrastrukturun yenidən qurulmasını deyil, eyni zamanda, sosial və iqtisadi planlamanı da əhatə edir.
Bu yanaşma  azad olunmuş ərazilərdə Azərbaycan modelini ön plana çıxarır. Yəni insanların daimi yaşadığı, işlədiyi və sosial həyat qurduğu ərazilər formalaşdırılır. Bu isə bölgədə sülh və davamlı inkişaf perspektivlərini gücləndirir. Sözügedən ərazilərdə sənaye və logistika zonalarının yaradılması iqtisadi aktivliyi artırır.
Azərbaycan bununla bölgədə müharibəyə deyil, inkişafa və sülhə dəstək verdiyini nümayiş etdirir. Həm dünya ictimaiyyətinə, həm də daxili auditoriyaya açıq şəkildə göstərilir ki, Azərbaycan tarixi qələbə qazanmasına baxmayaraq, münaqişə yolunu deyil, sabitlik və inkişaf siyasətini seçib. Bu yanaşma ölkənin qlobal səviyyədə konstruktiv və məsuliyyətli dövlət imicini möhkəmləndirir.
Qarabağda müasir şəhərsalma prinsiplərinə uyğun olaraq təhlükəsizliklə yanaşı, iş yerləri, təhsil və səhiyyə infrastrukturu, sosial həyat üçün parklar, yaşayış məhəllələri, məktəblər və digər təhsil müəssisələri sistemli şəkildə qurulur. İnsanların rahat və təhlükəsiz yaşaması üçün zəruri olan bütün infrastruktur təmin edilir. Yollar təmir və bərpa olunur, yeni nəqliyyat xətləri çəkilir.
Eyni zamanda, dövlət Qarabağda məsuliyyətli və dayanıqlı inkişaf üçün perspektiv yaradır, yaşıl enerji mənbələrindən - külək və digər alternativ enerji resurslarından istifadəyə üstünlük verir. Bu isə bölgənin cəlbediciliyini daha da artırır. Bu baxımdan da Azərbaycan postmünaqişə dövründə sülh strategiyasına əsaslanan inkişaf modelini tətbiq edərək öz suverenliyini möhkəmləndirir. Bu, dövlət siyasətinin planlı və ardıcıl xarakter daşıdığını sübut edir. Ölkəmiz, həmçinin əhalinin geri qayıdışını təşviq etməklə azad olunmuş ərazilərin davamlı inkişafına güclü təkan verir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31