Sosial-iqtisadi inkişaf tarixində mühüm nailiyyət- ÖZƏL
16:28 Siyasət"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son çıxışında qeyd etdiyi kimi, bu gün ölkədə qazlaşma səviyyəsi 96 faizə çatmışdır. Bu göstərici müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf tarixində mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilir və dövlətin vətəndaşların rifahının yüksəldilməsinə yönəlmiş ardıcıl və məqsədyönlü siyasətinin real nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva deyib: "Qazlaşdırma məsələsi uzun illər ərzində ölkənin sosial infrastrukturunun əsas problemlərindən biri olmuşdur. Xüsusilə regionlarda və ucqar yaşayış məntəqələrində təbii qazla təminatın aşağı səviyyədə olması əhalinin gündəlik həyatına ciddi çətinliklər yaradırdı. Lakin son illərdə həyata keçirilən genişmiqyaslı dövlət proqramları bu problemi köklü şəkildə həll etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan enerji strategiyası çərçivəsində qazpaylayıcı şəbəkələrin yenilənməsi, yeni magistral və paylayıcı xətlərin çəkilməsi, kənd və qəsəbələrin mərhələli şəkildə qazlaşdırılması təmin edilmişdir. Nəticədə bu gün ölkənin demək olar ki, bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur.
Cənab Prezident çıxışında vurğulamışdır ki, qazlaşmanın 96 faizə çatması təkcə texniki göstərici deyil, eyni zamanda sosial ədalətin, regional bərabərliyin və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasının bariz nümunəsidir. Bu, dövlətin vətəndaşa verdiyi dəyərin, onun rahat və təhlükəsiz həyat şəraitinin təmin olunmasının göstəricisidir"