Elçin Xalidbəyli: "İran reallıqdan uzaq iddialarla özünü sığortalamağa çalışır" – ÖZƏL
15:29 Siyasət"Təbii ki, İran rəsmisinin BMT-də ölkədə baş verən iğtişaşlara və təqiblərə görə siyasi məsuliyyəti xarici qüvvələrin, o cümlədən ABŞ-nin üzərinə yönəltməsi reallıqdan uzaqdır. Çünki hər bir dövlət öz daxilində baş verən proseslərə görə birbaşa məsuliyyət daşıyır. Hətta həmin proseslərin müəyyən dərəcədə xarici qüvvələr tərəfindən yönləndirildiyi iddia olunsa belə, zorakılığın səviyyəsi və insanlara qarşı törədilən hadisələrə görə məsuliyyət yenə də həmin ölkənin üzərində qalır".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu baxımdan İran rəsmisinin səsləndirdiyi iddialar reallıqdan uzaqdır və beynəlxalq müstəvidə ciddi qəbul olunması ehtimalı olduqca zəifdir: "Şübhəsiz ki, İrandakı siyasi rejim baş verən hadisələrin ağırlığını dərk edir. Məhz buna görə də hazırda beynəlxalq arenada mümkün qədər özünü haqlı göstərməyə, eləcə də gələcəkdə tətbiq oluna biləcək sanksiyalar və ya təzyiqlərə qarşı müəyyən əsaslar formalaşdırmağa çalışdığı müşahidə olunur. Lakin böyük ehtimalla bu cür iddialar və bəhanələr İran üçün müsbət nəticələr verməyəcək. Əksinə, növbəti mərhələdə İrana qarşı qlobal güclərin və beynəlxalq təşkilatların mövqeyi daha sərt xarakter ala bilər. Hazırda situasiya tam aydın olmasa da, proseslərin inkişaf istiqamətləri və maraqlı tərəflərin hədəfləri dəqiqləşdikcə, İrana yönəlik təzyiq və ya sanksiyaların məzmunu da daha konkret forma almağa başlayacaq.
Ekspert qeyd edib ki, istənilən halda BMT tribunasından bu cür özünə haqq qazandırma cəhdlərinin edilməsi rəsmi Tehranın vəziyyətin nə qədər ağır olduğunu anladığını göstərir. Ən önəmlisi isə odur ki, hazırda həm ABŞ, həm də Avropa İttifaqı İrana qarşı daha sərt addımların atılmasının tərəfdarı kimi çıxış edirlər. Bununla belə, hələlik hər iki tərəf yalnız siyasi bəyanatlarla kifayətlənir, konkret addımların atılması isə müəyyən müddətə təxirə salınmış kimi görünür. Görünən odur ki, konkret qərarların verilməsinə tələsmirlər. Ola bilsin, atılacaq addımların məzmunu və miqyası hazırda müzakirə mərhələsindədir. Ehtimal olunur ki, yaxın günlərdə həm ABŞ, həm də Avropa İttifaqı İranla bağlı mövqelərini daha da dəqiqləşdirəcək və yekun qərarların qəbuluna yaxınlaşacaq.
Lamiyə Cəbrayılova