Pezeşkian mürəkkəb güc mərkəzləri arasında balans axtarır- ÖZƏL
14:55 SiyasətBeynəlxalq münasibətlər üzrə analitik Mayk Doran İran prezidenti Məsud Pezeşkianın vəziyyətini 1980-ci illərin Polşa lideri Voyçex Yaruzelski ilə müqayisə edib. Analitikin fikrincə, Pezeşkian xalqın islahat tələbləri ilə SEPAH-ın sərt ideologiyası arasında sıxılıb qalan bir fiqurdur.
Doran qeyd edir ki, Pezeşkian həm etirazçılara xoş görünməyə çalışır, həm də eyni vaxtda Xamneyiyə mütləq sadiqlik nümayiş etdirir. Bu "uduz-uduz" ssenarisində prezidentin qarşısında iki riskli yol var: ya cəmiyyətin etimadını tam itirmək, ya da rejimin mühafizəkarları tərəfindən kənarlaşdırılmaq.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" İranda baş verən etirazlar fonunda bir sıra mühüm fikirlər səsləndirilir, müxtəlif müqayisələr aparılır, tarixə retrospektiv baxış təqdim olunur, fərqli liderlərin davranışları öyrənilir və bütün bunlar analitik düşüncədə öz əksini tapır. Bu kontekstdə diqqət çəkən şəxslərdən biri də İranın hazırkı prezidenti, islahatçı blokun təmsilçisi doktor Məsud Pezeşkiandır. Pezeşkian təbiətcə mülayim, konstruktiv və dialoqa açıq bir şəxs kimi tanınır. O, həm baş verən prosesləri diqqətlə izləyir, həm də ətrafında geniş ictimai dəstəyi qoruyub saxlamağa çalışır. Son günlərdə onun geniş xalq kütlələri ilə birlikdə etirazçılara qarşı keçirilən nümayişdə iştirakı da diqqətdən yayınmadı. Bu, mühüm bir məqamdır: dini rəhbərlikdən fərqli olaraq prezident birbaşa xalqın arasındadır, özünü "xalqın adamı", xalqdan biri kimi təqdim etməyə çalışır və etiraf etməliyik ki, bu obraz onda kifayət qədər yaxşı alınır.
Digər tərəfdən, İran yalnız siyasi quruluşuna görə prezident idarəetmə modeli ilə izah edilə bilən bir dövlət deyil. Burada olduqca güclü dini hakimiyyət mövcuddur. Ali dini lider bütün əsas sahələrə nəzarət edir. Bundan başqa, mühüm güc mərkəzlərindən biri də İslam İnqilabı Keşikçiləri Korpusudur. Hərbi təsir İranın ictimai-siyasi həyatında son dərəcə güclüdür, bu strukturun ciddi maliyyə resursları mövcuddur və İranla yaxından maraqlananlar çox yaxşı bilirlər ki, müxtəlif sahələrdə "Sepah"ın faktiki monopoliyası vardır.
Belə mürəkkəb və çoxqatlı siyasi quruluşa malik bir dövlətdə prezident hansı addımları atmalıdır? Bu, olduqca ciddi, mübahisəli və geniş müzakirəyə açıq bir sualdır. Lakin qeyd etməliyik ki, Pezeşkian ilk növbədə ali dini liderin göstəriş və təlimatlarını yerinə yetirir və bu çərçivədə özünəməxsus bir idarəetmə modeli formalaşdırmağa çalışır. Bu modelin nə dərəcədə uğurlu olacağını qarşıdakı dövrdə görəcəyik.
Eyni zamanda, onu da etiraf etmək lazımdır ki, hazırda etirazlar çox şiddətlidir və geniş kütlələri əhatə edir. ABŞ və İsrail İranda dəyişikliklər axtarışındadır, hətta bu dəyişiklikləri açıq şəkildə istəyir, tələb edir və bu proseslərin arxasında dayanırlar. Bütün bunlar isə mövcud vəziyyəti daha da qəlizləşdirir".
Zeynəb Mustafazadə