Azad edilmiş ərazilər “yaşıl enerji zonası”na çevrilir- ÖZƏL

"2026-cı il yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi Azərbaycanın enerji siyasətində növbəti mühüm mərhələ kimi tarixə düşdü. Dövlət başçısının çıxışı bir daha göstərdi ki, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr təkcə iqtisadi deyil, eyni zamanda strateji, geosiyasi və uzunmüddətli inkişaf məqsədlərinə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Prezident İlham Əliyev çıxışında vurğuladı ki, 240 meqavat gücündə olan bu stansiya artıq fəaliyyətə başlayaraq ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycanın həyatında əlamətdar gündür və bu layihə ölkənin ümumi inkişafına ciddi töhfə verəcək. 2022-ci ilin yanvarında təməli qoyulan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası cəmi dörd il ərzində yüksək peşəkarlıq və koordinasiya nəticəsində istismara verilib.
Prezident çıxışında Azərbaycanın əlverişli investisiya mühitinə də toxundu. Bu günə qədər ölkəmizə 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi həyata keçirilən siyasətin düzgünlüyünü sübut edir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması, valyuta ehtiyatlarının borcu 16-17 dəfə üstələməsi Azərbaycanın maliyyə sabitliyinin göstəricisidir. Beynəlxalq reytinq agentlikləri tərəfindən kredit reytinqinin yüksəldilməsi də ölkəmizə olan etimadın daha da artdığını təsdiqləyir. Bərpaolunan enerji potensialının artması yeni infrastrukturun yaradılmasını da zəruri edir. Prezident İlham Əliyev bu baxımdan ölkə tarixində ilk dəfə Batareya Enerji Saxlanc Sisteminin yaradıldığını bildirdi. 250 meqavatlıq ilk layihə "AzərEnerji" tərəfindən icra olunur və gələcəkdə bu istiqamətdə xarici investorların da cəlb edilməsi planlaşdırılır. 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda artıq 40-a yaxın kiçik su elektrik stansiyasının tikilməsi isə azad edilmiş ərazilərin "yaşıl enerji zonası"na çevrilməsinin bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31