Dövlət infrastruktur siyasəti dayanıqlı inkişafın əsasını təşkil edir- ÖZƏL

"Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin mərkəzində güclü və məqsədyönlü infrastruktur siyasəti dayanır. Paytaxt Bakı ilə yanaşı, ölkənin bütün regionlarında aparılan genişmiqyaslı quruculuq işləri əhalinin rifahının yüksəlməsinə və iqtisadi fəallığın artmasına xidmət edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən proqramlar inkişafın təkcə bu gününü deyil, uzunmüddətli perspektivlərini də əhatə edir və bu yanaşma dayanıqlılığı təmin edən əsas amillərdən biri kimi çıxış edir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri Rəsmiyyə Məmmədova deyib: "Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət Proqramları ölkənin iqtisadi strukturunun şaxələndirilməsində mühüm rol oynayıb. Bu proqramlar vasitəsilə illər ərzində enerji, qazlaşdırma, rabitə və digər həyati əhəmiyyətli sahələrdə ciddi problemlər aradan qaldırılıb. Nəticədə Azərbaycan enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, artıq ixrac imkanlarını da genişləndirib. Vaxtilə enerji çatışmazlığı ilə üzləşən ölkənin bu gün enerji ixracatçısına çevrilməsi ardıcıl və düşünülmüş siyasətin nəticəsidir.
Yol-nəqliyyat infrastrukturu da dövlət investisiyalarının əsas istiqamətlərindən biridir. Magistral yolların, kənd və şəhərlərarası nəqliyyat xətlərinin yenilənməsi ölkədaxili əlaqələrin möhkəmlənməsinə, regionların iqtisadi dövriyyəyə aktiv cəlb olunmasına şərait yaradır. Azərbaycanın mühüm tranzit mərkəzi kimi formalaşması bu sahədə görülən işlərin strateji əhəmiyyətini daha da artırır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur quruculuğu həmin bölgələrin sürətli bərpasına imkan yaradır.
Su təchizatı və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi isə əhalinin həyat keyfiyyətinə birbaşa təsir edən prioritet sahələrdəndir. Yeni Dövlət Proqramı çərçivəsində alternativ su mənbələrinin yaradılması, müasir idarəetmə texnologiyalarının tətbiqi və su itkilərinin azaldılması nəzərdə tutulur. Bu yanaşma həm ekoloji təhlükəsizliyin təmin olunmasına, həm də su resurslarından səmərəli istifadəyə şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31