Trampdan ŞOK Zəngəzur gedişi – Putin üçün soyuq DUŞ
13:07 SiyasətDünən Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio arasında görüş olub. Görüşdən sonra Zəngəzur dəhlizi (TRIPP marşrutu) layihəsinin reallaşması yönündə mühüm addım atılıb. Qəbul edilən birgə bəyanatda deyilir ki, tərəflər birgə yaradılmış "TRIPP Development Company" şirkətində nəzarət paketini əldə edəcək.
"Ermənistan "TRIPP Development Company"yə layihənin 49 il müddətinə inkişafı hüququnu verməyi nəzərdə tutur. Gözlənilir ki, ABŞ 74%, Ermənistan isə 26% paya sahib olacaq. Razılaşma daha 50 il müddətinə uzadılandan sonra Ermənistanın payı 49%-ə yüksələcək", - sənəddə qeyd olunur. O da vurğulanır ki, səhmdar strukturunda və ya son benefisiarlarda hər hansı dəyişiklik ABŞ və Ermənistan hökumətlərinin əvvəlcədən razılığı ilə həyata keçirilə bilər...
İrəliləyişlə bağlı sevincini gizlətməyən Baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində belə də yazıb: "Vaşinqtonda sülhün institutlaşdırılması və TRİPP layihəsinin praktiki tətbiqi istiqamətində daha bir mühüm addım atıldı və hamımızı bu münasibətlə təbrik edirəm".
Təbii ki, qərardan Azərbaycan da məmnundur. Birinci o səbəbə ki, layihə artıq geridönməz xarakter almağa başlayıb və Rusiyanın ona müdaxilə imkanları qeyr-mümkün olur. Əks halda, Putin Trampla toqquşmalı olacaq.
İkinci ona görə ki, Moskvanın hələ də təkid elədiyi, 10 noyabr (2020) kapitulyasiya sənədinin Zəngəzur dəhlizi ilə bağlı 9-ci bəndi dünənki Vaşinqton anlaşması ilə bir az da mənasız hala gəlir. Hansı bənd ki, yola Rusiya FTX-sının nəzarətini özündə ehtiva edir.
Üçüncü və ən önəmlisi, TRIPP marşrutu ilə bağlı ötən ilin avqustunda Ağ Evdə imzalanan üçtərəfli (Əliyev-Tramp-Paşinyan) bəyannaməyə görə, dəhliz Azərbaycan üçün maneəsiz rejimdə fəaliyyət göstərəcək. Ermənistan ABŞ-ın qarantorluğu ilə artıq belə bir öhdəlik götürüb...
İndi gözləyək görək, Moskvanın reaksiyası necə olacaq. Əslində, təxmin eləmək çətin deyil. Çünki Rusiyanın Ermənistandakı səfiri, eləcə də ölkənin bəzi digər rəsmiləri marşrutla bağlı vaxtaşırı neqativ açıqlamalar verib, onun reallaşacağını hətta şübhə altına alıblar.
Səfir Sergey Kopırkin isə TRIPP marşrutundan az aralıda Ermənistan sərhədində rus hərbçilərinin dayandığını, hətta Gümrüdəki Rusiya bazasının varlığını xatırladıb. Yəni ki, "bizim maraqlarımız ciddiyə alınmalıdır". Hansı maraqlar?
Əlbəttə ki, ənənəvi imperiya maraqları. Nə barədə ki, Kremlin "danışan dilləri"ndən olan telejurnalist Vladimir Solovyev bu günlərdə bir daha açıq mətnlə bildirib. Postsovet ölkələrini "Ukraynadakı xüsusi hərbi əməliyyat"la hədələyib...
Bu qəbildən olan təhdidlər, hədələr və şantaj fonunda Vaşinqtonda TRIPP-lə bağlı əldə olunan razılıq Moskvaya tərs şillə sayılmalıdır. Ona görə ki, Birləşmiş Ştatların iqtisadi maraqları olan yerdə rusun rahatca at oynatması, "balta" ilə işləməsi mümkünsüz.
Deməli, Solovyovun ilk növbədə hədəf aldığı, bölgənin ən zəif "bəndi" olan Ermənistan bununla öz suverenliyini Rusiyadan daha etibarlı qoruya, yaxın perspektivdə Kremlin orbitindən daha inamla uzaqlaşa biləcək. Hər necə olmasa, iqtisadi bağlar siyasi bağlar və öhdəliklər yaradır.
Bütün bu gəlişmələr, şəksiz, regionda yeni müharibəni istisna edən, bölgə xalqları arasında daimi sabitlik və əməkdaşlıq mühitinin yaranmasına çalışan Azərbaycanın mənafeyinə tam cavab verir. Bəs Rusiya və İranın? Tezliklə bu suala da yəqin ki, daha dolğun cavab alacağıq...