Enerji siyasətinin uğurlu davamı
10:27 SiyasətPrezident İlham Əliyevin iştirakı ilə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istifadəyə verilməsi, Azərbaycanda elektrik enerjisi təsərrüfatının fəaliyyətinin gücləndirilməsinin bariz göstəricisidir. Bu sahənin inkişafı ilə davamlı addımların atılması müsbət nəticələrin əldə olmasına zəmin yaradıb. Xızı-Abşeron elektrik yarımstansiyasının istifadəyə verilməsi regionun enerji təminatında dayanıqlığın artırılması, iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.Stansiyanın istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafına verdiyi strateji önəmi, enerji təhlükəsizliyinə yönəlmiş ardıcıl siyasəti və ekoloji dayanıqlığı təmin etmək məqsədini nümayiş etdirir. Gücü 240 meqavat olan bu müasir stansiya ölkəmizin enerji balansını gücləndirməklə yanaşı, iqtisadi inkişafın sürətlənməsinə və "yaşıl enerji" strategiyasının reallaşmasına da mühüm töhfə verəcək.
Eyni zamanda Xızı-Abşeron stansiyası müasir texnologiyalar əsasında inşa olunub və yüksək enerji ötürmə qabiliyyətinə malikdir.
Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında enerji ilə bağlı müxtəlif məqamlardan, bu sıradan bərpaolunan enerji növlərindən də söz açdı. Bu, Azərbaycanda enerji istehsalının şəbəkələri haqqında daha müfəssəl məlumat olmaqla, onun coğrafiyasının da ünvanlarının göstəricisi oldu.
Ölkə Prezidenti çıxışı zamanı vurğulayıb ki, son illər ölkəmizdə enerji infrastrukturunun yenilənməsi və şaxələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanın enerji təhlükəsizliyi təkcə daxili tələbatın ödənilməsi ilə məhdudlaşmır, eyni zamanda ölkəmizin etibarlı enerji tərəfdaşı kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirir.
Dövlət başçısı qeyd edib ki, bu kimi layihələr Azərbaycanın davamlı inkişaf strategiyasının tərkib hissəsidir və ölkənin gələcək inkişafına güclü töhfə verir.
"Ötən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.", - deyə bildirən Prezident İlham Əliyev bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növlərinin inkişaf etdiyi qeyd edərək, növbəti böyük stansiyaların açılışının Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulduğunu diqqətə çatdırıb: Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də.
Bərpaolunan enerji potensialının artması, mühüm infrastrukturun açılışı bir daha göstərdi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə müasir, dayanıqlı və təhlükəsiz enerji infrastrukturu formalaşdırılır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı