İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə xidmət edir- ÖZƏL
10:15 SiyasətŞabran rayonunda 2025-ci ildə görülmüş işlər və 2026-cı ildə qarşıda duran məsələlərlə bağlı Şabran Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Mahir Sülemanlı məlumat verib: "Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, Milli Məclisin deputatı Mahir Süleymanlı, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini yad etmişdir.
Öz işinə Şabran Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbiri giriş sözü ilə açan Asif Hüseynov qonaqları salamlamış və geniş məruzə nitqi ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2025-ci il ərzində ölkəmizdə bütün sahələrdə nəzərəçarpan inkişafın ötən illərlə müqayisədə artan templə davam etdiyini vurğulayan Asif Hüseynov bildirmişdir ki, bu inkişaf Şabran rayonunda da bütün sahələrdə hiss olunmuşdur.
Asif Hüseynov 2025-ci il ərzində dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmət, sahibkarlığa dəstək, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə əldə edilən uğurlardan, həyata keçirilmiş layihələrdən ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
2025-ci ilin aprel ayında Şabran rayonunun ərazisindən keçən çaylarda sel daşqını nəticəsində rayonda yaşayış evlərinə, təsərrüfatlara, eləcə də infrastruktura dəymiş ciddi ziyanın aradan qaldırılması ilə bağlı müxtəlif qurumların gördüyü işlər barədə məlumat verilib. Müvafiq qurumlar tərəfindən ilkin mərhələdə evinə ciddi ziyan dəymiş 17 rayon vətəndaşı üçün fərdi mənzillərin tikintisinə başlanılıb.
Asif Hüseynov xüsusilə vurğuladı ki, Azərbaycanın sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir. Cənab İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən lider kimi dövlətimizin inkişafı, mənəvi dəyərlərimizin qorunması, xalqın güzəranının yaxşılaşması istiqamətində səylə çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci il tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu.
Asif Hüseynov möhtərəm cənab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası əsasında 2026-cı il ərzində Şabran rayonunda görüləcək işlərlə bağlı ətraflı məlumat vermişdir.
Daha sonra çıxış edən Habil Əzənmədov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı həyata keçirilən inkişaf, eləcə də Zəfər Ordusunun formalaşmasına səbəb olmuş effektiv ordu quruculuğu siyasətinin mahiyyəti olduqca əzəmətlidir.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atılmadan, qan tökülmədən geri qaytarıldı.
Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Daha sonra çıxış edən millət vəkili Mahir Süleymanlı Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdiyini qeyd etmişdir. O, bildirdi ki, dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Eyni zamanda ölkə başçısı tərəfindən daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə yaradıcı gəncliyin formalaşmasına şərait yaradır. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir.
Daha sonra çıxış edən Mehdi Balabəyov vurğuladı ki, Cənubi Qafqazda regional təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın rolu böyüyür. Prezident Əliyevin sülh gündəliyi, Ermənistanla normallaşma danışıqları, regional əməkdaşlıq platformalarının yaradılması və çoxtərəfli təhlükəsizlik mexanizmlərinin inkişafı regionun gələcəyini müəyyən edən proseslərdir. 2025-ci ildə bu istiqamətdə atılan addımlar regionun uzunmüddətli sabitliyinin və tərəqqisinin təməlini qoyur. Azərbaycanın konstruktiv yanaşması regional əməkdaşlıq platformalarının yaradılmasına, nəqliyyat-kommunikasiya şəbəkələrinin inteqrasiyasına və iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verir.
Çıxış üçün söz verilən Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Orxan Kərimov, Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Vidadi Novruzov rəhbərlik etdiyi sahələr üzrə 2025-ci il ərzində görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişlər. Daha sonra yığıncaq iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olan müraciəti oxunmuşdur.
Tədbirin sonunda rayonun bir sıra sahələrində öz fəaliyyətləri ilə fərqlənən bir qrup şəxs Şabran Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır".
