Cənubi Qafqazda "Rusiyasız" dövr başlayır? – ÖZƏL
17:17 Siyasət"Azərbaycan Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir və müşahidə edir. Bu proseslər Azərbaycanın mövqeyini müəyyən mənada möhkəmləndirir və inkişaf etdirir. Lakin bütövlükdə regionda formalaşan yeni vəziyyətin əsas səbəblərindən biri Rusiyanın Ukrayna münaqişəsinə daha çox fokuslanmasıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, qlobal güclər, faktiki olaraq, Rusiyanın Ukraynada başının qarışacağını əvvəlcədən nəzərə alaraq hesablayıblar ki, digər regionlarda, o cümlədən Cənubi Qafqazda Moskvanın təsiri zəifləyə bilər. Bu baxımdan hazırda baş verən hadisələr Rusiyanın bölgədəki strateji üstünlüyünün tədricən zəifləməsi fonunda cərəyan edir. Bununla belə, istisna edilmir ki, Rusiya müəyyən manevrlər edərək gələcəkdə yenidən bölgəyə qayıtsın və formalaşmış yeni geosiyasi konfiqurasiyanı dağıtmağa cəhd göstərsin. Yəni Moskva yenidən regionun əsas söz sahibi olmaq şanslarını sınaya bilər. Bu risk hər zaman mövcuddur və ən azı yaxın perspektivdə də qalmaqdadır. Məhz buna görə də bölgədəki vəziyyəti hələlik tam sabit və birmənalı hesab etmək olmaz.
Ekspert qeyd edib ki, digər regional güclər, eləcə də onları dəstəkləyən və ya himayə edən qlobal güclər yaranmış boşluqları açıq şəkildə görür və həmin boşluqlara daxil olmağa çalışırlar. Bununla belə, nəzərə almaq lazımdır ki, Rusiya hələ də region üçün potensial təhlükə olaraq qalır. Belə bir şəraitdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyi bir sıra amillərdən asılıdır. Burada həm region dövlətlərinin atacağı addımlar, həm də Azərbaycanın təşəbbüsləri və diplomatik səyləri mühüm rol oynayır. Açıq şəkildə demək olar ki, bu geosiyasi boşluğun tez bir zamanda doldurulmasına və geri dönüşü olmayan proseslərin başlanmasına çalışmaq bizim üçün prioritet olmalıdır.
Siyasi şərhçinin sözlərinə görə, bu baxımdan Azərbaycan üçün ən etibarlı və təminatlı model Türkiyə ilə hərbi-siyasi əməkdaşlığın və strateji tərəfdaşlığın daha da gücləndirilməsidir. Eyni zamanda Pakistan və digər müsəlman ölkələrinin Azərbaycanla eyni blokda yer alması, hərbi-siyasi dəstək və təhlükəsizlik zəmanəti verməsi böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, ABŞ və Böyük Britaniya kimi qlobal güclərin də bu məsələdə Azərbaycanı dəstəkləməsi və regiondakı əməkdaşlıq modellərinə himayə göstərməsi vacibdir. Bu şərtlər təmin olunduğu halda hesab edirəm ki, həm İran, həm də Rusiya amili ilə bağlı təhlükələr tədricən zəifləyə bilər. Son günlər İranda baş verən hadisələr də regionda yeni siyasi konfiqurasiyaların formalaşmasını mümkün edir. Ümumilikdə isə dünyada çoxqütblü bir sistemin formalaşdığını müşahidə edirik və bu, bir sıra məsələlərin daha çevik şəkildə həllinə imkan yaradır.
"Belə bir reallıq fonunda Türk-Müsəlman dünyasının ayrıca bir qütb kimi formalaşması, İranın da bu qütbdə təmsil olunması, Azərbaycanın və Türkiyənin aparıcı rol oynaması, hətta bu qütbün Türkiyənin liderliyi ilə formalaşdırılması məsələsinə ciddi diqqət yetirilməlidir. Bu yanaşma bütövlükdə region üçün mövcud risk və təhlükələri minimuma endirə biləcək ən real alternativlərdən biridir. Əgər bu model reallaşarsa, düşünürəm ki, Azərbaycan təkcə Rusiya və Qərbin təzyiqlərindən yayınmaqla kifayətlənməz, eyni zamanda öz strateji müstəqilliyini qoruyaraq yeni dünya düzənində ayrıca bir güc mərkəzi kimi mövcudluğunu və inkişafını təmin edə bilər", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova