Paşinyan erməni kilsəsini dövlətin üzərində duran gücdən, dövlətin tərkibində olan institut halına gətirir- ÖZƏL
17:06 SiyasətErməni kilsəsində islahatları dəstəkləyən arxiyepiskopların sayı 16-ya çatıb. Onlar hazırkı katolikos Karolikos II Qareginin vəzifədən uzaqlaşdırılmasını, müvəqqəti rəhbərin seçilməsini və kilsənin nizamnaməsinin qəbulunu nəzərdə tutan koordinasiya şurası yaradıb.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Ermənistanda kilsə-iqtidar mübarizəsi artıq bir müddətdir davam edir. Xüsusən də Paşinyan kilsənin nüfuzunu və dövlətə təsir gücünü qırmağa çalışır. Əslində isə bu, bir qədər yanlış təsəvvürdür ki, Paşinyan kilsə ilə mübarizə aparır. Paşinyan özü də tipik, inanclı bir ermənidir və Ermənistanda kilsə xüsusi statusa malikdir. Bunun ən böyük səbəbi ondan ibarətdir ki, erməni dövləti çox gəncdir. Yəni bu dövlət müxtəlif güclərin dəstəyi ilə bu və ya digər formada qurulub. Amma erməni dövləti olmayan əsrlər boyu erməni kilsəsi olub ki, bu qurum xalqı assimilyasiyadan qoruyub və müxtəlif imperiyaların tərkibində tədricən əriməsinin qarşısını alıb. Erməni kilsəsi tipik bir xristian kilsəsi deyil, milliləşmiş bir kilsədir. Necə ki, yəhudilərin musəviliyi etnik dinə çevrilib, erməni qriqorian kilsəsi də məhz bu cür bir kilsədir. Ona görə də erməni kilsəsinin diaspor lobbiləri və bir sıra dövlətlərlə xüsusi əlaqələri olub. Həm onlara xidmət ediblər, həm də Ermənistanı müəyyən bir balansda və təsir dairəsində saxlamağa çalışıblar.
Paşinyanın bundan fərqindıdir. Paşinyan "Yeni Ermənistan" ideologiyası çərçivəsində kilsənin bu xüsusi mövqeyini qırmaq istəyir. Kilsəni dövlətin üzərində duran bir güc yox, dövlətin tərkibində olan bir institut halına gətirməyə çalışır. Əslində, onun ll Qareginlə mübarizəsinin səbəbi də budur. Daha dəqiq desək, onun kilsə ilə yox, ll Qareginlə mübarizəsi var. Digər din xadimlərinin tədricən ll Qareginlə aralarına məsafə qoyması və Paşinyanın tərəfinə keçməsi də bununla bağlıdır. Mən hesab edirəm ki, prosesin sonunda Paşinyan istəyinə nail olacaq və erməni kilsəsi xeyli güc itirəcək, əvvəlki səviyyədə təsir imkanlarını saxlaya bilməyəcək. Yəni artıq dövlət kilsəyə yox, kilsə dövlətə tabe olacaq".
Zeynəb Mustafazadə