İranda "Ukrayna ssenarisi": Baş verənlər adi etiraz deyil, idarə olunan xaosdur – ŞƏRH – ÖZƏL
16:04 Siyasət"İran dövləti uzun müddətdir ki, ABŞ başda olmaqla Qərbin sanksiyalarına məruz qalaraq faktiki olaraq dünyanın iqtisadi və siyasi sistemindən təcrid olunur. ABŞ-nin İranda hakimiyyəti dəyişmək və özünə münasib bir siyasi idarəetmə formalaşdırmaq istəyi də uzun illərdir gündəmdə olan ssenaridir. Bu ssenari ondan ibarətdir ki, İrana qarşı sanksiyalar tətbiq etməklə ölkədə iqtisadi və sosial vəziyyət pisləşdirilir, bunun fonunda isə ictimai narazılıq artırılaraq kütləvi etirazlara zəmin yaradılır".
Bu fikirləri sözügedən məsələ ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, bu gün İranda baş verən hadisələr mahiyyət etibarilə 2014-cü ildə Ukraynada baş vermiş "Maydan hərəkatı" ilə eyni ssenarini xatırladır. Ukraynada etirazlar siyasi müstəvidə başlamışdısa, İranda proseslər sosial-iqtisadi problemlər zəminində ortaya çıxır. Həmin dövrdə Kiyevdə, Maydan meydanında xaos yaradıldı, bu xaosun fonunda zorakılıq halları baş verdi və nəticədə hakimiyyət devrildi. Eyni ssenari bu gün İranda həyata keçirilməyə çalışılır. Sosial vəziyyətdən narazı kütlə ilə Qərbin agentura şəbəkəsinin birgə fəaliyyəti nəticəsində qarşıdurma dərinləşdirilir, insanlar həyatını itirir, etirazçılarla hakimiyyət arasında kəskin toqquşma yaradılır. Məqsəd isə aydındır: İranda hakimiyyəti devirmək və öz maraqlarına uyğun yeni hakimiyyət qurmaq.
Ekspert qeyd edib ki, İran ideoloji bir dövlətdir. Ölkədə sosial problemlərin mövcudluğu İran rəsmiləri tərəfindən də dəfələrlə etiraf edilib: "İran prezidenti sosial vəziyyəti aradan qaldırmaq üçün dialoqun tərəfdarı olduğunu açıq şəkildə bəyan edir və bu istiqamətdə çağırışlar edir. Lakin bu gün İranda sosial problemlərlə bağlı real dialoqun baş tutması çətin görünür. Çünki Qərbin kəşfiyyat orqanları və agentura şəbəkələri məqsədli şəkildə elə bir xaos yaradır ki, sağlam dialoq mühiti formalaşmır. İsrail-ABŞ-İran arasında baş vermiş 12 günlük qarşıdurma da göstərdi ki, İsrailin və ABŞ-nin İranda kifayət qədər geniş casus və təsir şəbəkəsi mövcuddur. Bu şəraitdə sosial vəziyyətdən narazı olan etirazçıların maraqları ilə agentura şəbəkəsinin maraqları üst-üstə düşür. Agentura şəbəkəsi prosesi daha da gərginləşdirərək dövlətlə xalq arasında uçurum yaratmağa və nəticə etibarilə hakimiyyəti devirməyə çalışır. Halbuki İran prezidenti dəfələrlə dialoqa hazır olduğunu bəyan edib, etirazçılarla danışıq aparmaq istədiyini açıqlayıb və ölkədə sosial-iqtisadi vəziyyətin çətinliyini etiraf edib. Məsələ ondadır ki, təxribatçı qruplar vəziyyəti daha da gərginləşdirir, xaos yaratmağa çalışır və bu xaosun fonunda xalqla dövlət arasında dərin uçurum formalaşdırmaq məqsədi güdürlər. Bu ssenari Ukraynada baş verən hadisələrdə də eyni formada tətbiq edilmişdi: inzibati binaların yandırılması, iğtişaşların törədilməsi və xaosun dərinləşdirilməsi.
Siyasi şərhçinin sözlərinə görə, İran prezidenti hələ seçki dövründə belə Qərblə dialoqun tərəfdarı olduğunu bəyan etmişdi. Bununla belə, o, ilk növbədə dövlətin maraqlarını qorumağa çalışır, eyni zamanda xalqın içində olaraq insanların problemlərini yerində öyrənmək üçün mütəmadi görüşlər keçirir və real addımlar atmağa cəhd göstərir. Bu gün İranda baş verən hadisələrin Qərb tərəfindən körükləndiyi və İran siyasi hakimiyyətinin hədəf alındığı açıq şəkildə görünür. Lakin İran ideoloji dövlət olduğu üçün bu cür təzyiq və hədələrlə hakimiyyətdən imtina etməyəcək. Bu baxımdan prezident reallığı nəzərə alaraq xalqla dialoqun tərəfdarıdır və danışıqlar yolu ilə problemləri aradan qaldırmaq üçün təşəbbüs göstərir. Təəssüf ki, Qərbin himayəsində olan təxribatçı qüvvələr bu dialoqun baş tutmaması üçün zorakılıq və qətllər törətməyə çalışırlar.
İran dövləti isə iğtişaşları neytrallaşdırmağa, stabilliyi bərpa etməyə və sosial problemlərin həlli üçün dialoq mühitini qorumağa çalışır. Sosial vəziyyətin pisləşməsi isə əsasən İrana qarşı tətbiq olunan sanksiyaların nəticəsidir. İran iqtisadi və siyasi baxımdan dünyadan təcrid edilir, süni iqtisadi böhran yaradılır və bununla da ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq məqsədi güdülür. Bu şəraitdə xalqın narazı təbəqəsi ilə dialoq təşəbbüsü göstərən əsas siyasi fiqur məhz İran prezidentidir.
"Hazırkı mərhələdə əsas məqsəd iğtişaşları aradan qaldırmaq, stabilliyi təmin etməkdir. Növbəti mərhələdə isə sosial vəziyyətin yaxşılaşdırılması üçün müəyyən islahatların həyata keçirilməsi gündəmə gələ bilər. Hesab edirəm ki, İran prezidenti mövcud reallıqlara uyğun şəkildə hərəkət edir", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova