Siyasi elita ilə mollalar üz-üzə: İran etirazlarının pərdəarxası
15:38 SiyasətTofiq Zülfüqarov : "Trampın çıxışları müəyyən razılaşmaların əldə olunduğuna işarədir"
İranda son etirazlar təkcə sosial narazılıqların deyil, hakimiyyət daxilində dərinləşən siyasi və institusional qarşıdurmaların təzahürü kimi qiymətləndirilir.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Musavat.com-a müsahibəsində bu proseslərin mahiyyətini, dini və siyasi elitalar arasındakı mübarizəni, eləcə də region üçün mümkün nəticələri şərh edib:
- İranda müşahidə olunan etirazlar təkcə sosial narazılıqların ifadəsi deyil, eyni zamanda 1979-cu ildən sonra formalaşmış siyasi sistem daxilində müxtəlif institutlar və elitalar arasında mövcud olan balans axtarışlarının da göstəricisidir. Sizcə, bu proseslər orta və uzunmüddətli perspektivdə İranın idarəetmə modelində təkamül xarakterli institusional dəyişikliklərə gətirib çıxara bilərmi?
- İranda baş verən hadisələr bundan öncə baş verən hadisələrin yeni forması və davamıdır. Bildiyiniz kimi, İranın özünəməxsus idarəetmə sistemi var. Dini lider və onun tabeliyində olan qurumlar dövlət qurumlarının eynisidir.
Ordu, təhlükəsizlik qüvvələri, iqtisadi məsələlərlə məşğul olan qurumlar, xarici fəaliyyət, hətta xarici siyasətin bir neçə istiqamətdə fəallığı mövcuddur. Digər tərəfdən, dövlətin ruhani idarəetməsindən ayrı olan ənənəvi dövlət qurumları fəaliyyət göstərir. Digər ölkələrdə olduğu kimi, hökumət, dövlət qurumları, o cümlədən ordu, təhlükəsizlik sistemi, iqtisadi qurumlar və s. var. Bu qurumlar arasında hər zaman rəqabət mövcuddur - kimdə daha çox səlahiyyət var, maliyyə və iqtisadi imkanları kim daha çox idarə edir və s. Hətta yerli orqanların fəaliyyəti də bu və ya digər şəkildə rəqabət meydanıdır. Bu baxımdan sistemin daxili ziddiyyətləri bu və ya digər şəkildə özünü büruzə verirdi. Bəzən mühafizəkarlar, yaxud yeniliklərin tərəfdarları adlandırılsalar da, siyasi elitanın bölünməsi faktiki olaraq görünür. Baş verən hadisələrin əsas səbəbi də budur. Nümayişlərə çıxan, etiraz aksiyaları həyata keçirən dairələrin rəhbəri yoxdur kimi görünsə də, bu, yanlış fikirdir. Əslində onları idarə edən və siyasi səhnənin arxasında məxfi olan qüvvələr var.
Nümayişçilərin hədəfi SEPAH-dır. Siyasi baxımdan hadisələr o həddə gəlib çatıb ki, mövcud sistem artıq ənənəvi sistemlə əvəzlənməlidir. Dinin dövlətdən ayrı olması, amma digər ölkələrdə olduğu kimi, dövlətin özünəməxsus fəaliyyəti bərpa olunmalıdır.
- Yəni İranda küçə etirazları elitadaxili qarşıdurmanın idarəolunan alətidir?
- Əlbəttə. Bir düşərgənin görünən simalarından biri İranın prezidentidir. Onun bəyanatlarına fikir versək, görərik ki, o deyir ki, etirazlar ola bilər, etirazlarda səslənən fikirləri eşitməliyik, qərarlar qəbul olunmalıdır. Amma güc tətbiq olunması, insanların öldürülməsi, hətta belə bir ifadə işlədib ki, kiminsə başının kəsilməsi qəbuledilməzdir. Bu da bir daha onu göstərir ki, siyasi elita bu cür hadisələrin siyasi dəyişikliklərə təkan verməli olduğunu düşünür.
Bəlkə də Konstitusiya dəyişməlidir. Konstitusiyaya görə, İranda din birbaşa dövləti idarə edən qurumdur, ali dini lider isə dövlətin başçısıdır. Bu da təbii ki, anormal vəziyyət yaradır. Digər böhranlı vəziyyətlərin də təsiri mövcuddur.
Məlum olduğu kimi, hazırkı dini liderin yaşı çoxdur, səhhətində ciddi problemlər var. Varis mövzusu aktualdır. Varis isə Ali Dini Şuranın qərarı ilə seçilməlidir. Adı çəkilən namizədlərdən biri indiki ali dini liderin oğludur. Bu da indiki böhranın səbəblərindən biridir. Yəni dini sülalənin yaradılması təhlükəsi var. Mediada səslənən fikirlər var ki, bu qrup böyük maliyyə imkanlarına malikdir. Çünki sanksiyalardan kənar İran neftinin ixracı SEPAH-ın əlindədir. Bunu idarə edən insanlar həm İranda, həm də xaricdə çox varlı insanlar kimi tanınırlar. İran ictimaiyyətində dini qurumların vəzifəli şəxslərinin övladlarının xaricdəki yaşayışı geniş müzakirə olunur. Bu da bir problemdir. Əslində hökumət qurumları SEPAH-ın əlində qalıb.
İxracdan əldə olunan maliyyə məhz onların əlindədir. Onlar bu sahədə monopolist mövqeyə malikdirlər. Bu da ziddiyyətlərin əsası kimi görünür. Digər tərəfdən, məlum olduğu kimi, İran çoxmillətli ölkədir.
Millətlərarası münasibətlər də istər-istəməz böhran vəziyyətində öz rolunu oynayır. İstisna olunmur ki, birinci məsələ öz həllini tapsa, idarəetmədəki anormal vəziyyət aradan qalxsa, əsas problemlərdən biri millətlərarası münasibətlər ola bilər.
Böhranın ilk məsələnin həlli ilə bitəcəyini gözləmək olmaz. İkinci mərhələdə millətlərarası problemlərin gündəmə gəlməsi qaçılmazdır.
- Hazırkı konyunkturada dini elitanın siyasi hakimiyyətdən kənarlaşdırılması modelini İran üçün real hesab edirsinizmi?
- Mən sistemin transformasiyasını aydın görürəm, məntiqli inkişaf olacaq. Dini idarəetmə sistemi ikinci sistem olaraq aradan götürülməlidir. Fikir versəniz, etirazların əsas hədəfi SEPAH-dır. İdeoloji ziddiyyətlərdən başqa, iqtisadi maraqlar da olduğu üçün bu proses nəticəsində hakimiyyət dəyişməsə belə, iki qanad arasında funksiyaların və səlahiyyətlərin bölünməsinin nisbəti dəyişməlidir. Bunun Konstitusiyaya dəyişiklik, yaxud daxili qərarlar vasitəsilə edilməsi qaçılmazdır. Əsas təkanverici məsələ budur ki, indiki dini lider varislik mövzusunu gündəmə gətirib. Bu isə inqilabın prinsiplərinə ziddir, dini sülalənin formalaşması təəssüratını yaradır.
- Hər dəfə İranda etirazlar, qarşıdurmalar olanda ABŞ faktoru önə çıxır. Bəzi iddialara görə, Tramp İranda çevriliş edə bilər. ABŞ həqiqətən hərəkətə keçərsə, hansı ssenariləri nəzərdən keçirmək olar?
- Diqqət etməliyik ki, Trampdan öncə Bayden administrasiyası körfəz ölkələrində İranla müxtəlif səviyyələrdə təmaslar qurub, nüvə proqramı və başqa mövzulara dair danışıqlar aparırdı. Trampın çıxışları bu və ya digər şəkildə müəyyən razılaşmaların əldə olunduğuna işarədir. Dinc əhaliyə qarşı ordudan istifadə qəbuledilməzdir.
Yəni Tramp administrasiyası dini rəhbərliklə yox, dövlət qurumlarını təmsil edən şəxslərlə təmasdadır. Onların ümidi indiki idarəetmənin dəyişməsidir. Daha da mütərəqqi mövqelərdə olan dairələrin, siyasi elitanın hakimiyyətə gəlməsi ilə İranda dəyişikliklər baş verə bilər. Tramp dəfələrlə bildirib ki, güc istifadə etməz, ya da İran qırmızı xətləri keçməməlidir. Nüvə proqramının bərpasında qırmızı xətt var. İndiki mərhələdə nümayişçilərə qarşı güc tətbiq edilməsi də müzakirə olunur. Güc tətbiq edən SEPAH-dır.
Məqsədlərdən biri onlara qarşı zərbələr endirilməsi, dini liderə bağlı qurumların zəiflədilməsi ola bilər. Proseslərin görünməyən, lakin hiss olunan bəzi məqamları ondan ibarətdir ki, dini lider və onun tabeliyində olan, sanksiyalardan kənar ixracı təşkil edən qurumlar artıq İranın siyasi səhnəsindən getməlidir. Onların əlində olan böyük həcmdə maliyyə vəsaiti Qərbdədir və nəzarət altındadır. ABŞ-nin təsir etdiyi rıçaqlar çox genişdir. Hiss olunur ki, Tramp İranı bu məsələdən istifadə edərək hədələyir.
Güc tətbiq olunması istisna olunmur, amma bu, dəqiq hədəflərə qarşı olacaq. İnsanlara qarşı gücün tətbiq olunmaması üçün SEPAH-a məxsus olan hərbi obyektlərə zərbələr endirilə bilər.
- Bütün ssenariləri nəzərə aldıqda İran-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Əsas problem ondan ibarətdir ki, İranda yaşayan soydaşlarımız İranı öz ölkəsi kimi qəbul edir. Pəhləvi hakimiyyətə gəlməzdən öncə İran türk dövləti idi. İdarəetmədə türklər çoxluq təşkil edirdi, iqtisadi imkanları da geniş idi. Pəhləvinin farslaşdırma siyasəti XX əsrin 20-30-cu illərinə təsadüf edir. Bu baxımdan millətlərarası münasibətlərin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi sual altındadır. Din amili aradan götürülsə, yəni din dövlətdən ayrı olsa, təxminən SSRİ-nin yenidənqurulma dövründə olduğu kimi, millətlərarası mövzular aktual olacaq. Bu və ya digər bölgənin siyasi iddiaları daha da kəskin hiss olunacaq. Milli-siyasi fəallıq artacaq və s. Hələ ki, dinin dövlətdən ayrılması ən aktual mövzudur.