Ramiz Mehdiyevin çirkli pulları, çökən bankı - “Bank BTB” bağlanır
12:31 SiyasətPrezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq davam etdiyi bir vaxtda onun ailəsinə məxsus olan bankın iflas həddində olması xəbəri gəlib.
Musavat.com-a daxil olan məlumatda deyilir ki, artıq işçilərin bir çoxuna yaxınlarda bankın bağlanacağı xəbəri verilib.
"Bank BTB" ASC-nin fəaliyyəti ilə Mehdiyevin üzləşdiyi maliyyə maxinasiyası ittihamı arasında əlaqənin olacağı da istisna görünmür.
Bir zamanlar "boz kardinal"ın ailəsinə bağlı bank kimi tanınan "Bank BTB"nin bu gün zərər, şikayət və reputasiya böhranı ilə üz-üzə qalması təsadüfdürmü? Yoxsa bu, Mehdiyev epoxasının maliyyə sonluğudur?
Ramiz Mehdiyevə qarşı irəli sürülən ən ağır ittiham dövlətə xəyanət maddəsi üzrə istintaqa cəlb olunmasıdır. Bu ittiham çərçivəsində onun dövlət institutlarını zəiflədən proseslərdə rolu, hakimiyyət daxilində kölgə təsir mexanizmləri, xarici təsir mərkəzləri ilə mümkün əlaqələri araşdırılır. Bu tip fəaliyyət siyasi təsir rıçaqları ilə yanaşı, maliyyə dayaqları olmadan mümkün deyil. Məhz bu nöqtədə bank məsələsi ortaya çıxır. Mətbuatda Ramiz Mehdiyev PA rəhbəri olduğu dövrdə kadr təyinatlarına, iqtisadi qərarlara, nəzarət orqanlarının fəaliyyətinə qeyri-rəsmi təsir göstərməsi haqda müxtəlifg səpkili yazılar var. Bu təsirin maliyyə ayağının isə ailə üzvləri üzərindən idarə olunan biznes strukturları olduğu bildirilir.
"Bank BTB"nin əsas səhmdarının Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olması bu baxımdan xüsusi diqqət çəkir. Ramiz Mehdiyev bankın ona məxsus olmadığını desə də, ailə üzvləri üzərindən nəzarət modeli postsovet siyasi sistemlərində kifayət qədər tanışdır. Araşdırıldığı bildirilən əsas epizodlardan biri də Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı maliyyə şəbəkəsidir. Bura formal sahiblər vasitəsilə gizlədilən aktivlər, bank sektoru ilə bağlı əlaqələr, kredit və hesablaşma mexanizmlərindən sui-istifadə iddiaları daxildir. "Bank BTB"nin son 3 ildə ardıcıl zərərlə işləməsi, kapitalın azalması və maliyyə dayanıqlığının zəifləməsi bu şübhələri daha da gücləndirir. Ramiz Mehdiyevə bağlı strukturlar vasitəsilə mənşəyi tam açıqlanmayan vəsaitlərin dövriyyəyə buraxılması, bank əməliyyatları üzərindən pulların "yuyulması", şübhəli kredit əməliyyatları ehtimal olunur. Bank sektorunda belə ehtimalların özü belə lisenziyanın geri çağırılması üçün ciddi risk sayılır.
Mərkəzi Bankın statistik məlumatlarında "Bank BTB" müştəri şikayətləri üzrə ön sıralarda yer alır. Kredit narazılıqları, ödəniş problemləri, xidmət keyfiyyətinin aşağı olması, bütün bunlar bankın təkcə maliyyə yox, idarəetmə böhranı yaşadığını göstərir. Görünən odur ki, "Bank BTB" üçün Ramiz Mehdiyevin "çətiri" altında siyasi qoruma dövrü bitib və sürətli çöküş dövrü başlayıb. Ramiz Mehdiyevin siyasi səhnədən gedişindən və istintaqa cəlb olunmasından sonra bir vaxtlar ona bağlılığı üzərindən toxunulmaz sayılan strukturlar - media, fondlar, bizneslər və "Bank BTB" də artıq açıq risk zonasındadır.
Hazırda bankla bağlı konkret qərar olmasa da, rəqəmlər danışır, "Bank BTB" bağlanır.