2025-ci ildə regionda dayanıqlı və qalıcı sülh bərqərar olub- ÖZƏL

"Başa vurduğumuz 2025-ci ildə beynəlxalq münasibətlər sistemində artan geosiyasi gərginliklər, qlobal təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycan müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Azərbaycanın milli maraqlarının təmin olunması məqsədilə ölkəmiz dəyişən geosiyasi şəraitdə çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli münasibətlərində əməkdaşlıq mexanizmlərini gücləndirib, beynəlxalq səviyyədə nüfuzunu və təsir imkanlarını nəzərəçarpacaq dərəcədə artırıb. Tarixi Qələbəmizin 5 illiyinin qeyd olunduğu 2025-ci ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin normallaşdırılması ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub. 8 avqust 2025-ci ildə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə, habelə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" layihəsinin paraflanması və digər razılaşmalar bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31